Məhkəmə qərarları › İş №3(008)-6564/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6564/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6564/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 12 avqust 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 02 dekabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs qərəzli şəkildə alimenti ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin qətnamənin icraya yönəlməsindən bu gün xəbəri olmuşdur. Ona tələbin könüllü icrası barədə bildiriş də bu gün təqdim olunmuşdur. Lakin o izahatında tələbkar uşaqları ona göstərmədiyindən ödəniş etmədiyini bildirmişdir. Bu isə onun məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsinin göstəricisidir. Bu səbəbdən də Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. O, ilk dəfə bu gün icra şöbəsinə gəlmişdir. İcra sənədinin icraya yönəldilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona tələbin könüllü icrası barədə bildiriş təqdim edilməmiş və ünvanına hər hansı rəsmi sənəd daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-MTT(008)- 194/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 02 avqust 2022-ci il tarixdən başlayaraq 24 aprel 2013-cü il təvəllüdlü X5 və 29 avqust 2018-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” 10 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-MTT(008)- 194/2022 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icra yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin Şəxs tərəfindən alınmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığını bildirmiş, icra məmuru isə həmin halı təsdiq edərək Şəxs icra sənədinin icraya yönəldilməsi barədə məlumat verilmədiyini, onun ilk dəfə olaraq bugün, yəni 02 dekabr 2022-ci il tarixdə icra şöbəsinə gəldiyini bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığı və bununla da onun məhkəmə qərarının icraya yönəldilməsindən xəbərinin olmadığı müəyyən edilmişdir ki, belə olan halda şəxsin məlumatlı olmadığı icra sənədinin icrasından yayınması və əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması mümkünsüz olmaqla istisna edilir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, e-MTT(008)-194/2022 saylı icra sənədindən görünür ki, məhkəmə qərarının icraya yönəlməsindən qısa müddət keçmiş, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri (tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsi, şəxsin ötən müddət ərzində izahatının alınması, ona icra sənədini icra etmədiyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdar olunması, işlə təmin olunması üçün Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına tələbin icrasının yönəldilməsinin mümkün olduğu əmlakının olub-olmamasının müəyyən edilməsi və.s.) görmədən, yəni qərarın icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar