Məhkəmə qərarları › İş №3(008)-6567/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6567/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6567/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs BBPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X5, Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:33-də “X9” minik markalı, **-PQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, qayda pozuntusuna görə şəxs saxlandıqda, o, özünü şübhəli aparmışdır. Ona tibbi müayinəyə aparmaq barədə desə də, getmək istəməməsi daha çox şübhə yaratdı. Ərazidə xidmət aparan çevik polis alayının əməkdaşlarından kömək istəmiş və şəxs onlara da tabesizlik göstərmişdir. Buna baxmayaraq şəxs aparılmış və tibbi müayinədən keçirilmişdir. Fakt öz təsdiqini tapmış və şəxsi bölməyə təhvil vermişdir. Müayinə zamanı onun nakotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur, bunu özü də etiraf etmişdir. Protokol 30 noyabr 2025-ci ildə tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsini nümayəndəsi X1 izahatında bildirmişdir ki, xx.xx.2025-ci ildə Sabunçu Rayon Dövlət X7 əməkdaşları tərəfindən Şəxs saxlanılmışdır. İşıq cihazlarından istifadə etmədiyinə və etibarnaməsiz qeyd olunan avtomobili sürdüyünə görə saxlanılmışdır. Yoxlama zamanı aşkar olunur ki, narkotik vasitədən istifadə edir. Barəsində protokollar tərtib edilmişdir. 600 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmədən əvvəl də şəxs cəriməni hələ ödəmədiyini demişdir. 30 noyabrda şəxs təkrar olaraq narkotik maddədən istifadə edərək qeyd olunan avtomobili idarə edib, yol polisi Qasımov Anar tərəfindən saxlanılıb, barəsində protokol, raport tərtib olunmuşdur. Sürücü sadəcə bu gün yaxınlaşdığına görə sənədlər bu gün toplanılmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, protokolda qeyd edilənlərlə razıdır. Etdiyi əməlin nəticəsinin belə olacağını bilmirdi. Hazırda “Seabreeze”də işləyir, bu səbəbdən işdən çıxarılmaq istəmir. Çünki ailəsinə özü baxır, heç kimi yoxdur, atası və qardaşı ölüb, 2 xəstə bacısı vardır. Əlilliyi yoxdur, təkcə bacısı xəstədir, ona baxdığına görə pul alır. Törətdiyi əməldən peşmandır, özünü təqsirli bilir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:33-də “X9” minik markalı, **-PQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətalar törədilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1/2065 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs oğlunun sidiyində THC(+), OPİ (+), PQB(-), MET(-) aşkar edilmiş, sərxoşluq vəziyyəti THC və OPİ aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 329.3, 333-1.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə 600 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli sənədin rəsmi verilməsinə dair kötük sənədindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar təqdim olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, o, 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırkı iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırkı iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar