Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6569/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Laqodexi şəhərində anadan olmuş, evli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN 1DGG5R) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 12 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3966/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X8 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, şəxs aliment borcunu ödəmədiyi üçün barəsində protokol tırtib edilmişdir. Hazırda ödəniş etsə də, köhnədən borcu yığılmışdır. Bundan əvvəl də məhkəməyə müraciət edilmiş, ödəniş etdiyindən xitam qərarı alınmışdır. Zərərçəkmişin deməyinə əsasən 5390 manat aliment borcu qalmaqdadır. Bundan 10 gün öncə 500 manat, bu gün isə 50 manat pul ödəmişdir. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb olunmasını və protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, sabit maaşı olan bir işi yoxdur, özü fəhlə işləyir. Aylıq qazancı 400-480 manata gəlib çıxır. Uşaqla ünsiyyət qura bilmədiyindən alimenti ödəməmiş və nəticədə 8000 manat yaxın aliment borcu yaranmışdır. Qarşı tərəf ondan yığılan bu borcun hamısını bir dəfəyə ödəməsini tələb etsə də, buna maddi imkanı çatmır və yalandan da məhkəməyə ödəyəcəyi barədə söz vermir. Yay vaxtı ödəniş etdiyindən yığılan borcun məbləği azalmış, hazırda təxminən 5000 manat borcu qalmışdır. Bü gün də üzərində 50 manat olduğundan o qədər ödəniş etmişdir. Məhkəmə qərarını icra etməkdən boyun qaçırmır, özü hazırda Qusar rayonunda yaşayır, icraçı onu şöbəyə çağırdığı üçün gəlmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, atası uşaqları görmək istəsəydi hüquqi qaydada müraciət edərdi, uşaqlarını gəlib özü görmür. Oğlu xəstədir, həftədə 40 manat olmaqla onu hər həftə seansa aparır. Oğlu hazırda özəl məktəbdə oxuyur, 500 manat ayda təhsil haqqı ödəyir. Qızında anlama-qavrama problemi var, onun üçün də psixoloq yanına gedir, hər ay da ona 100 manat ödəyir. Özü hazırda işlədiyindən uşaqlarını məktəbə aparıb gətirə bilmir, buna görə də qızı üçün taksi pulu 100 manat, oğlu üçün isə servis pulu 170 manat ödəniş edir. İcra məmuru tələb etməsə ödəniş etmir. Hər 45 gündən bir ödəniş edir. 250, 250, 500 manat olmaqla ödəniş etmişdir. Hazırda cəmi 5390 manat aliment borcu vardır. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materialları və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 12 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3966/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3966/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərar borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir İş materiallarında olan 12 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, 50 manat X4 məxsus karta köçürülmüşdür. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, o, icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmir və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini, borcdan qismən ödəniş edilməsini, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №3(008)-6569/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6569/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver