Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6592/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, X1 DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 AR DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş EQ seriyalı, 29467124 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Yasamal Rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yasamal Rayon Məhkəməsi məlum qənaətə gələrkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə sistemindən görünür ki, X3 Bakı şəhəri Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. . AR İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Məhkəmə qeyd edir ki, X1 hazırda mübahisələndirdiyi qərar elektron qərar deyil. O, AR DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş 24 iyul 2025-ci il tarixli qərardan şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə şikayəti qismən təmin edilmiş və qərar ləğv edilərək yenidən araşdırma aparılması üçün AR DİN BDYPİ-nə göndərilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə AR DİN BDYPİ-nin polis polkovnik leytenantı X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 hazırki şikayəti məhz həmin qərarın ləğvi ilə bağlıdır. İş materiallarında onun işinə Sabunçu Rayon Məhkəməsində baxılmasına dair vəsatəti yoxdur. Şəxsin şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etməsi də onun iradə ifadəsinin işinə Yasamal Rayon Məhkəməsində baxılması ilə bağlı olduğunu göstərir. Qanunvericiliyin tələbindən də görünür ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətə şəxsin onun şikayətinə yaşadığı yer üzrə baxılması barədə vəsatəti olmadıqda inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Qanunvericilikdə inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə iki halda şəxsin yaşayış yeri üzrə baxılması nəzərdə tutulmuşdur: İXM-nin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətlərə və şəxsin özünün şikayətə yaşayış yerində baxılmasına dair vəsatəti olduğu halda. Qeyd edilən hallar hazırki iş üzrə mövcud olmadığından inzibati tənbeh vermə haqqında qərardan şikayətə inzibati xətanın törədildiyi yer üzrə məhkəmə, yəni Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Məhkəmə həmçinin bir məsələni də qeyd edir ki, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda inzibati xəta haqqında iş üzrə materialın bir məhkəmədən digərinə göndərilməsi halı İXM-də tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduqda, həmin məsələni tənzimləyən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayətprosessual qanunvericiliyinin analoji norması əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə məhkəmə belə yekun qənaətə gəlir ki, X1 DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxılmasında ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan, həmin məsələnin həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77-ci və İnzibati Xətalar Məcəlləsinin 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti, işin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6592/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6592/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver