Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6595/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, xx.xx.1970-ci il tarixdə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu RPİ-nin DYPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:45 radələrində “KİA CARNİVAL” minik markalı, **-QZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Zabrat qəsəbəsində idarə edən zaman nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə yol verdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib edən orqana məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səfərov X1 RPİ-nin DYPŞ-də verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Zabrat ərazisində hərəkətdə olarkən avtomobilin arxa dövlət qeydiyyat nişanının üzərinə tül düşməsi səbəbindən nömrəsi görsənmədiyinə görə DYP əməkdaşı tərəfindən saxlanılmışdır. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq edir. İş materiallarına əlavə edilmiş fotoşəkildə avtonəqliyyat vasitəsinin arxa hissəsində nömrədən yuxarıda tüldən bəzək hazırlanaraq bağlandığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, inzibati xətanın törədilməsində şəxsin təqsiri müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən AR İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “KİA CARNİVAL” minik markalı, **-QZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toy karvanında iştirak edən nəqliyyat vasitəsidir. Bu məqsədlə həmin nəqliyyat vasitəsi bəzədilmişdir. Təqdim edilmiş fotoşəkildən də görünür ki, nəqliyyat vasitəsinin arxa hissəsində dövlət qeydiyyat nişanı nömrəsindən yuxarıda tüldən bəzək hazırlanmışdır. Fotoşəkildən də görünür ki, həmin tülün bir hissəsi küləyin və ya nəqliyyat vasitəsinin hərəkət etməsinin nəticəsində aşağıya düşmüşdür və bu da avtomobilin dövlət qeydiyyat nişanı nömrəsinin görünməsini bir qədər məhdudlaşdırmışdır. Şəxsə istinad olunmuş İXM-nin 342.9-cu maddəsində isə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə olunmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin hallarından da görünür ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən hər hansı örtükdən istifadə olunmamışdır. Bəzək əşyası kimi hazırlanmış tül nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsindən yuxarıda yerləşdirilmiş və örtük funksiyasını yerinə yetirmir. Bundan başqa maddənin dispozisiyasından da görünür ki, qeyd edilən inzibati xəta qəsdlə törədilən inzibati xətadır. Yəni şəxs bilərəkdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən hər hansı örtükdən və ya qurğudan istifadə etməlidir ki, həmin maddə ilə məsuliyyətə cəlb olunsun. AR İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxsin niyyəti məhz hüquqazidd hərəkətə yönəldikdə, yəni öz hərəkətləri ilə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirdiyini dərk etdiyi, onun zərərli nəticələrini qabaqcadan gördüyü, bunu arzu etdiyi və ya buna şüurlu şəkildə yol verdiyi halda məsuliyyətə cəlb olunması mümkündür. Toy karvanında hərəkət edən nəqliyyat vasitəsinin sürücüsünün avtomobilin arxa hissəsində nömrədən yuxarıda yerləşdirdiyi tül bəzək əşyası ilə belə bir niyyətdə olması ağlabatan deyil. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən Şəxs barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6595/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6595/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver