Məhkəmə qərarları › İş №3(008)-6599/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6599/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6599/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “BMW 328i” minik markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində piyada X1 bədən xəsarəti yetirmiş və hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 23 radələrində yaşadığı məhəllədən tanıdığı Məhəmmədlə birlikdə sonuncunun "xxxx" -dan icarəyə götürdüyü BMW markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərdə gəzmək qərarına gəlmişlər. Əvvəl avtomobili Məhəmməd sürmüşdür. Sonra səhhətində problem olduğu üçün ondan sürməyi xahiş etmişdir. O, avtomobili sürən zaman polis ona saxla işarəsi vermişdir. O, isə etibarnamə olmadan idarə etdiyi və əvvəllər çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün avtomobili saxlamadan idarə etməyə davam etmişdir. Bu zaman polis maşınının onların arxasınca gəlməsini görüb sürətli şəkildə idarə etdiyi üçün idarəetməni itirib ağaca dəyib dayanmışdır. Daha sonra avtomobildən düşüb qaçmışdır. Sonradan Məhəmmədin xəsarət alması barədə məlumatı olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışı "xxxx" MMC-dən BMW markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili 90 manat pul ödəyərək bir günlük sürmək üçün etibarnamə əsasında təhvil almışdır. Həmin günü saat 21 radələrində əvvəlcədən danışdığı yaşadığı məhəllədən tanıdığı İsrafil adlı şəxslə Sabunçu rayonu ərazisində gəzişdikdən sonra geri Sabunçu rayonu ərazisinə qayıtmışlar. Geri qayıdan zaman avtomobil çirkli olduğu üçün onu qeyd olunan ərazidə yerləşən 50 qəpiklik avtoyuma mərkəzində yuduzdurduqdan sonra özünü narahat hiss etdiyi üçün avtomobili sürmək üçün İsrafilə vermişdir. Bu zaman YPX əməkdaşı onlara saxla əmri vermişdir. İsrafil etibarnamə olmadan avtomobili idarə etdiyi eləcə də sürücülük vəsiqəsində cərimələri olduğu üçün, avtomobili saxlamayaraq sürətlə idarə etdiyindən anidən idarəetməni itirərək ağaca dəyib dayanmışlar. Bundan sonra İsrafil avtomobildən düşərək polis əməkdaşını gözləmədən uzaqlaşmışdır. Hadisə nəticəsində o, ayağından xəsarət almışdır. Hazırda vəziyyəti yaxşıdır. Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Məhəmmədəli Fətəliyev tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 327.8 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 74-TS saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağı nahiyəsinin əzik halında olan küt travması müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. DİN DYP veb portal çıxarışından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə verilmiş və xx.xx.2035-ci il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı BA 468255 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 327.6-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Məhkəmə, Şəxs törədilməsi istinad olunan inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, habelə məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirini tətbiq etməklə inzibati tənbehin məqsədlərinə çatmaq mümkündür. AR İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan həmin hissədə material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130 -cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar