Məhkəmə qərarları › İş №3(008)-6605/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6605/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6605/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Şirinova Nuray ilqar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 16 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4875/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 440 manat aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə yaranmış 19812 manat aliment borcunu ödəməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4875/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu ondan hər ay 440 manat aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Əvvəllər madi imkanı olduğundan və işlədiyindən uşaqlarının bütün ehtiyaclarını qarşılamışdır. Son bir ildir ki, işləmir, işləmədiyi müddətdə ödəniş edə bilməmişdir. İşə yeni başlamışdır. Hazırda bu ay müəyyən məbləğdə və yanvar ayının sonunadək isə 2000 manat məbləğində ödəniş edəcəyi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdirlər. Qalan aliment borcunu isə hissə-hissə ödəyəcəkdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4875/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 440 manat aliment tutularaq tələbkar onun xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Son bir ildir ki, heç bir məbləğdə ödəniş etməmişdir. Hazırda bu ay müəyyən məbləğdə və yanvar ayının sonunadək isə 2000 manat məbləğində ödəniş edəcəyi ilə bağlı razılığa gəlmişdirlər. Qalan aliment borcunu isə hissəhissə ödəyəcəkdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4875/2023 saylı icra sənədinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3423/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artılması, cavabdeh Şəxs xx.xx.2012-cil il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün iddiaçı X3 xeyrinə hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment, mediasiya xərcinin əvəzi olaraq 55 manat və hüquqi yardım üçün 100 manat, cəmi 155 manat pul tutulması nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar və bildirişin surətini Şəxs qəbul etmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 2(008)-4875/2023 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1988-ci il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi nəzərdə tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4875/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu ondan hər ay 440 manat aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Əvvəllər madi imkanı olduğundan və işlədiyindən uşaqlarının bütün ehtiyaclarını qarşılamışdır. Son bir ildir ki, işləmir, işləmədiyi müddətdə ödəniş edə bilməmişdir. İşə yeni başlamışdır. Hazırda bu ay müəyyən məbləğdə və yanvar ayının sonunadək isə 2000 manat məbləğində ödəniş edəcəyi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdirlər. Qalan aliment borcunu isə hissə-hissə ödəyəcəkdir. Məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Şəxs izahatında əvvəllər madi imkanı olduğundan və işlədiyindən uşaqlarının bütün ehtiyaclarını qarşılamış, hər hansı problemlə bağlı həm X5 həm də uşaqlarına kömək etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, bu hal onunlada sübut olunur ki, Şəxs tərəfindən uşaqların maddi ehtiyacları ödənildiyindən zərərçəkmiş şəxs bir dəfədə olsun aliment borcunu ödənilməməsi ilə bağlı icra məmuruna hər hansı şikayət etməmiş, bu barədə müraciəti olmamışdır. Yuxarıda qeyd edilən hallardan aydın olur ki, Şəxs qərəzli olaraq aliment borcundan yayınmamış, uşaqların bütün ehtiyaclarını ödəmişdir. Məhkəmə qeyd edir ki, aliment məbləği uşaqların saxlanması üçün nəzərdə tutulduğundan, həmin vəzifə Şəxs tərəfindən yerinə yetirildiyindən, eyni zamanda o, aliment borcunu ödəməkdən yayınmadığını, yeni işə girdiyini, hər ay aliment borcunu ödəyəcəyini bildirdiyindən üzrsüz səbəbdən icra vərəqəsinin icra edilməməsi halı müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar