Məhkəmə qərarları › İş №3(008)-6619/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6619/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6619/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:05-də Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Elşən Mehdiyev 402 ünvanında yerləşən istehsal obyektinə xüsusi razılıqlisenziya olmadan yanğınsöndürmə texnikasının istehsalı və satışı ilə məşğul olması faktı aşkar edilmişdir. Bu fakt cəmiyyətin rəhbəri Nümayəndə1 təqdim etdiyi yazılı izahat və fotoşəkillərlə təsdiq edilmişdir. MMC-nin rəhbərinin izahatına əsasən yoxlamanın əhatə etdiyi dövrdə MMC-nin gəlirinin 9220,33 manat olduğu aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, hüquqi şəxsin barəsində lisenziya olmadan yanğın yanğın söndürmə texnikasının istehsalı və satışı ilə məşğul olması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şirkət bu cür fəaliyyətlə məşğul olsa da, protokol tərtib edən orqanın qeyd etdiyi bir sıra avadanlıqlar yanğınsöndürmə avadanlığı deyil. Bundan başqa “lisenziyalar və icazələr haqqında” qaydalarda yanğınsöndürmə texnikasının istehsalı və satışı ilə bağlı icazənin verilməsi nəzərdə tutulmuşdur, ayrıca satışa görə lisenziya nəzərdə tutulmamışdır. Bununla belə yanğınsöndürmə avadanlıqlarına nələr daxildir bununla bağlı konkret normativ tənzimləmə olmadığından mübahisələndirmək niyyətində deyillər. Tərəfin özünün təklifi odur ki, ona qısa müddət verilsin və o, İXM-nin 398-ci maddəsinin qeydində nəzərdə tutulan hüquqdan istifadə edərək dəymiş ziyanı dövlət büdcəsinə ödəməklə məsuliyyətdən azad olunsun. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edən orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Elşən Mehdiyev 402 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsinə dair plandankənar yoxlama təyin edilmişdir. Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X1nin nəticələri haqqında xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən idarənin əməkdaşları tərəfindən “lisenziyalar və icazələr haqqında” AR Qanununa əməl edilməsinə X1 həyata keçirilərkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Elşən Mehdiyev 402 ünvanında yerləşən Şəxs MMC-yə məxsus istehsal obyektində direktor Nümayəndə1 iştirakı ilə istehsal obyektində lisenziya tələb olunduğu halda belə lisenziya olmadan yanğın söndürmə texnikası məhsullarının istehsalı və satışı fəaliyyəti ilə məşğul olması müəyyən olunmuşdur. 01 iyun 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarədar "xxxx" MMC ilə icarəçi Şəxs MMC arasında müqavilə bağlanaraq icarədar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Elşən Mehdiyev 402 ünvanında yerləşən, istifadə edilməyən 741.0 m² istehsal məqsədi ilə və 15 m² sahəni isə ofis kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etmək məqsədilə 1 il müddətində “İcarəçi”yə verir, icarəçi icarəyə götürdüyü sahəni təyinatı üzrə istifadə etməyi və həmin müqavilə ilə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Köçürmənin aparılması haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə 9221 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qeyd: Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Elektron məhkəmə informasiya sistemində olan məlumatlarda Şəxs MMC-nin AR İXMnin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması halı müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsindən daxil olmuş Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübutların məcmusu ilə öz təsdiqini tapdığından hüquqi şəxsin barəsində düzgün olaraq yuxarıda qeyd edilən maddə üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla yanaşı Şəxs MMC tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə əldə edilən gəlir tamamilə dövlət büdcəsinə ödənildiyindən və AR İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən AR İXM-nin 398-ci maddəsinin qeydinə əsasən Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci-maddəsinin qeydinə əsasən Şəxs MMC inzibati məsuliyyətdən azad olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar