Məhkəmə qərarları › İş №3(008)-6622/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6622/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6622/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nümayəndə3 Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən direktor vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt AR Baş Prokurorluğu tərəfindən təqdim edilmiş sənədlər (Nümayəndə3 izahatı, xx.xx.2025-ci il tarixli qərar) AR ƏƏSMN-nin Əmək və Məşğulluq altsistemi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, AR Baş Prokurorluğuna bir neçə nəfər şəxs müraciət edərək Nümayəndə3 tərəfindən əmək haqqlarının verilmədiyini, müqaviləsiz işə götürülmələrini bildirərək bu məsələnin həllində dəstək göstərilməsini və qanuni tədbir görülməsini xahiş etmişlər. Bununla bağlı Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən araşdırma aparılmış, həmin şəxslərin və Nümayəndə3 izahatı alınmışdır. xx.xx.2025-ci il tarixdə Nümayəndə3 barəsində AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar qəbul edilmiş və şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün DƏMX-nə göndərilmişdir. DƏMX-nə işə baxılan zaman Nümayəndə3 əmək müqaviləsi olmadan direktor vəzifəsi üzrə işlərin yerinə yetirməsinə cəlb olunması müəyyən olunmuşdur. Qərarda həmin şəxs vəzifəli şəxs olaraq qeyd edilsə də, onun vəzifəli şəxs olmadığı müəyyən olunduğundan onun barəsində İXMnin 192.4-cü maddəsi üzrə icraata xitam verilmişdir. İşçilərə əmək haqqlarının ödənilməməsinə görə hüquqi şəxsin təsisçisi vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırki iş üzrə isə təsisçi Nümayəndə3 əmək müqaviləsi olmadan direktor vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Nümayəndə3 bildirdiyi kimi etibaranmə əsasında bu işləri görmüş olsa belə, təsisçinin etibarnamə əsasında direktor vəzifəsi üzrə işləri kiməsə tapşırması özü əmək qanunvericiliyinin tələblərinin pozulması deməkdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Nümayəndə3 bildirmişdir ki, o, direktor vəzifəsi üzrə işləri yerinə yetirməmişdir. Şirkətin rəhbəri onun valideynidir. Onun maliyyə və iqtisadi məsələlərdən anlayışı olmadığı üçün ona etibarnamə vermişdir. Həmin etibarnamə əsasında şirkətin müəyyən işlərini icra etmişdir. O, şirkətin vəzifəli şəxsi deyil. Onun kimisə işə götürmək, işdən azad etmək, əmək haqqı vermək kimi səlahiyyətli yoxdur. Bu işləri o, həyata keçirməmişdir. Bu işlərlə şirkətin mühasibi məşğul olmuşdur. Baş Prokurorluğa şikayət edən şəxslər həqiqətən şirkətdə işləmişlər, əmək haqqlarını da almışlar. Həmin şəxslər işdən çıxıb gedəndən sonra onların müştərilərini cəlb edib onlarla işlədiklərini müəyyən etmişlər. Bundan sonra həmin işçilər prokurorluğa guya onların əmək haqqlarının şirkət tərəfindən ödənilməməsinə dair şikayət ərizəsi ilə müraciət etmişlər.Bunlar həqiqəti əks etdirmir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Nümayəndə3 barəsində AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün AR ƏƏSMNnin yanında DƏMX-nə göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sisteminin Vergi ödəyicilərinə dair məlumatlarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ1104, ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Müxtəlif tarixlərdə Şəxs MMC-də işləyən izahatı alınmış şəxslər izahatlarında Nümayəndə3 şirkətin rəhbəri olaraq tanıdıqlarını, onları işə həmin şəxsin götürməsini, əmək haqqlarını verməsi, narazılıqlar olanda ona müraciət etmələrini, konkret olaraq Nümayəndə3 şikayətçi olmalarını bildirmələri, şirkətin direktoru kimi faktiki olaraq Nümayəndə3 fəaliyyət göstərməsinin sübutudur. Nümayəndə3 məhkəmə iclasında bildirmişdir ki, o, şirkətin vəzifəli şəxsi deyil, rəsmi olaraq əməkdaşı deyil, sadəcə etibarnamə əsasında şirkətin təsisçisi və direktorunun adından müəyyən işləri həyata keçirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri, nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. AR İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətin müəyyən olunmasında məqsəd əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsini təmin etmək, işçilərin hüquqlarının qorunmasını təmin etməkdir. Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, bu cür münasibətlərin etibarnamə əsasında rəsmiləşdirilməsi də qanunvericiliyin tələbinə ziddir. Etbarnamə bir şəxsin başqa şəxsin qarşısında təmsil olunmaq üçün üçüncü şəxsə verdiyi yazılı səlahiyyətdir və heç bir halda əmək müqaviləsi əvəz edə bilməz, işçi ilə işəgötürən arasında yaranmış əmək münasibətlərinin yeganə hüquqi əsası əmək müqaviləsidir. Direktor hüquqi şəxsin mənafeyi üçün müəyyən təşkilati, idarəedici funksiyaları yerinə yetirdiyindən və hüquqi şəxs üçün müəyyən öhdəliklərin yaranması ilə (əmək haqqı, vergi öhdəliyi, DSMF) nəticələndiyindən onunla hüquqi şəxs arasında olan münasibətlər əmək münasibətləri kimi qiymətləndirilməlidir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 48-51, 55,114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALD İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar