Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6636/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu RM-nin 2(008)-4289/2021-005 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilmədir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Sabunçu RM-nin 2(008)-4289/2021-005 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. Qeyd edilən məhkəmə qərarının icra edilməməsi ilə bağlı bir dəfə borclu barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra borclu həbsdən çıxdıqdan sonra oktyabr ayında 50 manat, noyabr ayında iki dəfə hərəsində 50 manat olmaqla ümumi 100 manat, dekabr ayında isə 150 manat ödəniş etmişdir. Uşağın 18 yaşı tamam olmuşdur. Ümumilikdə aliment borcu 6976 manat təşkil edir. Tələbkar uşağın tələbə olduğunu, onu oxutduğunu bildirərək başdan 3000 manat ödənilməsini, qalan borcun isə hissə-hissə şəkildə ödənilməsini tələb edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmasın xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o,aliment ödəməkdən yayınmır. Fəhlə işləyir. Barəsində inzibati qaydada təyin edilmiş həbs müddəti bitdikdən sonra tam olmasa da, hissə-hissə olmaqla ödənişlər etmişdir. Oktyabr ayında 50 manat, noyabr ayında iki dəfə hərəsində 50 manat olmaqla ümumi 100 manat, dekabr ayında isə 150 manat ödəniş etmişdir. Bu günə olan borcu 6976 manat təşkil edir. Uşağın 18 yaşı tamam olmasına baxmayaraq hər ay imkanı çatdıqca ödəniş edəcəkdir. Həmin pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 08 dekabr 2007-ci il təvəllüdlü Əliyeva Nərmin ilqar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 verilməsi, alimentin tutulmasının 17 may 2021-ci il tarixdən hesablanması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4289/2021nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 3(008)- 5343/2025 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci madddəsi ilə təqsirli bilinərək 08(səkkiz) gün müddətində inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində məhkəmə qərarının üzrlü səbəb olmadan icra edilməməsinə görə 29 avqust 2025-ci il tarixdə inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra o, məhkəmə qərarının icrası istiqamətində addımlar atmışdır. Belə ki, həbsdən çıxdıqdan sonra oktyabr ayında 50 manat, noyabr ayında iki dəfə hərəsində 50 manat olmaqla ümumi 100 manat, dekabr ayında isə 150 manat ödəniş etmişdir. Bu isə onu göstərir ki, o, barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirindən nəticə çıxararaq aliment borcunu tam olmasa da hissə-hissə olmaqla ödəyərək məhkəmə qərarının icrası istiqamətində tədbirlər görmüşdür. Belə olan halda şəxsin inzibati məsuliyyətə cəlb olunması AR İXM-nin 528-ci maddəsi ilə inzibati məsuliyyətin müəyyən olunmasındakı məqsədə uyğun olmamaqla qanunçuluq prinsipinin tələblərinə ziddir. Belə ki, AR İXM-nin 528ci maddəsi ilə inzibati məsuliyyətin müəyyən olunmasında əsas məqsəd dövlətin adından çıxarılmış məhkəmə qərarının icrasının təmin edilməsidir. Şəxsin inzibati məsuliyyətə cəlb olunmasından 4 ay sonra həmin müddətdə hissə-hissə ödənişlər etməsinə baxmayaraq və aliment borcunu tam şəkildə ödəmək iqtidarında olmasını təsdiq edən sübut təqdim edilmədən yenidən inzibati məsuliyyətə cəlb olunması şəxsin eyni əmələ görə təkrar məsuliyyətə cəlb olunmasına gətirib çıxara bilər ki, bu da eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi prinsipinə ziddir. Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qərarını icra etməməsi icra sənədinin icrasından üzrsüz səbəbdən yayınma kimi qiymətləndirilə bilər. Hazırki halda isə icra məmuru tərəfindən tərtib olunan inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanın olmasını təsdiq edən hər hansı sübuta rast gəlinməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6636/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6636/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver