Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6646/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1965-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı böyük gölü xx.xx.2025-ci il tarixində gölün akvotoriyasının bərk, qarışıq suxurlarla, torpaqla doldurulması, yəni su obyektnin özbaşına tutulması, su mühafizə zonalarının tələblərinə riayət edilməməsinə yol verilmiş, nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 000350 nömrəli akt, izahat, fotoşəkil və videoçəkiliş ilə təsdiq edilir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs AR İXM-nin 262.1.2 və 264.0.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli 000350 nömrəli aktından görünür ki, Sabunçu rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilən zaman Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən Pirşağı böyük gölünün mühafizə zonasında bərk və qarışıq süxurlardan ibarət tullantılar gətirilməklə gölün akvatoriyasının doldurularaq süni şəkildə kiçildilməsi işlərinin aparıldığı müəyyən edilmişdir.Araşdırma ilə əlaqədar xx.xx.2025-ci il tarixində Şəxs bölməyə gələrək yazılı izahatında sözügedən torpaq sahəsinin onun mülkiyyətində olduğunu, işlərin onun tərəfindən aparıldığını, torpaqla qarışmış bərk süxurların əsasən öz ərazisinə töküldüyünü, bu zaman da gölün də kiçik bir hissəsinin də torpaqla doldurulduğunu bildirərək faktı təsdiq etmiş və sözügedən torpaq sahəsi ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. Nəticədə Şəxs tərəfindən AR Su Məcəlləsinin 81, 82, 84, 87 və 103-cü maddələrinin və AR NK-nin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın müvafiq maddələrinin tələbləri pozulmuşdur. İzahat, ərazidən çəkilmiş fotoşəkillər, videogörüntülər və araşdırmaya dair digər materiallar akta əlavə olunur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsinin 074 saylı, xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il 23 dekabr tarixli FƏ 63 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin regional bölmələrinin əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı monitorinq və nəzarət tədbirləri aparmaq məqsədilə 1 saylı Bakı regional bölmə əməkdaşı məsləhətçi müfəttiş İlqar Quliyev baş məsləhətçi-müfəttiş Toğrul Həsənzadəyə 1 saylı Bakı RB-nin tabeliyində olan bütün ərazilər üzrə 7 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılması tapşırılmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 2,6071 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən Şəxs məxsusdur. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat ın gedişi zamanı sonuncu izahatında göstərmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı stansiyasının yanında yerləşən gölün ətrafında ona məxsus mülkiyyətində torpaq sahəsi mövcuddur. Ərazinin torpaqlanması ilə bağlı bildirmək istəyirəmki, sözü gedən işlər mənim tərəfimdən görülmüşdür. Torpaqlama işlərinin görülməsində məqsəd gölün və qurunt sularının qarşısını almaq, həmçinin yaşıllıqların salınmasından ibarətdir. Görülən işlər zamanı gölün qamışlıq hissəsi torpaqla doldurulmuş və əhalidən gələn çirkab çirkab suların birbaşa gölə tökülməməsi üçün gələcəkdə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Gölün doldurulması ilə bağlı əməkdaşlar tərəfindən qanunun tələbləri mənə izah olundu. İzahatı özüm yazdım, doğrudur, düzgünlüyünü imzamla təsdiq edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 9-cu maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir. 40-cı maddə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 103-cü maddə Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 82-ci maddə su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 83-cü maddə su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarına əsasən:
2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.
6. Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.1.2, 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə, sübutlarla tamamilə sübuta yetirilmişdir. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2, 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Samirə Məmmədli