Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6652/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 07 dekabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4874/2021 saylı, 27 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən icraçının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Şəxs məhkəmə qətnaməsi üzrə heç bir ödəniş etməmişdir. O, hazırda işləmədiyindən borcu ödəyə bilmədiyini bildirir. Bununla yanaşı, hazırki iş üzrə tələbkar onun keçmiş əridir. Borclu tələbkarın da ona illər öncə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş üç uşaq üçün alimenti ödəmədiyini bildirir. Həmin icra sənədi onu icraatındadır və həqiqətən də Şəxs borclu tərəfindən aliment ödənilmir. Şəxs icra sənədi üzrə heç bir ödəniş etməməsi nəzərə alınmaqla barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə onun himayəsinə üç azyaşlı uşaq verilmişdir. Keçmiş əri ona uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti də ödəmir. O, həftədə 1-2 dəfə iş olduqca qab yumaqla uşaqlarını saxlayır. Maddi imkanı yol vermədiyindən icra vərəqəsi üzrə hər hansı ödəniş etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(008)- 4874/2021 saylı icra sənədlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan 3-cü kvartal, sahə 10 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə iddiaçı tərəfindən çəkilmiş 29.290,15 manat məbləğində xərcin əvəzinin X3 tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 09 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(008)-4874/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs 22 sentyabr 2022-ci il tarixli izahatından görünür ki, o, icra sənədinin icrası ilə bağlı bildirişi həmin gün, yəni 22 sentyabr 2022-ci il tarixdə aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında işləmədiyini, arada iş olduqca qab yumaqla 15-20 manat pul qazandığını, məhkəmə qətnaməsi ilə onun himayəsinə üç azyaşlı uşağın verildiyini, onları təkbaşına saxladığını, keçmiş əri tərəfindən alimentin ödənilmədiyini bildirmiş və göstərilən xüsusatlar icra məmuru tərəfindən də təsdiq edərək Şəxs aliment ödənilməsi ilə bağlı icra sənədinin də onun da icraatında olduğu, həmin icra sənədi üzrə alimentin ödənilmədiyi, Şəxs işsiz olduğu bildirilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla himayəsində olan üç azyaşlı uşağını təkbaşına böyütdüyündən və işləmədiyindən məhkəmə qətnaməsini bu qısa müddət ərzində icra edə bilməmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun işsiz olması, himayəsində olan azyaşlı uşaqları təkbaşına böyütməsi, həmin uşaqların saxlanması üçün hazırki iş üzrə tələbkardan tutulması qət edilən alimentin ödənilmədiyi müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən təxmini 03 aya yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (şəxsin ötən müddət ərzində izahatlarının alınması, işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği ödəyə bilməməsinin səbəbi işsiz olmasından irəli gəldiyindən, icra məmuru tərəfindən icra sənədinin icrası üçün qanunla müəyyən edilmiş bütün imkanlardan istifadə edilmədən inzibati xəta haqqında protokol tərtib edildiyindən və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6652/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6652/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver