Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6719/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 14 noyabr 2023-cü il tarixli MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(008)-8658/15 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2015ci il tarixli, 2(008)-8658/15 saylı qətnaməsi ilə tərəflərin birgə nikahında anadan olmuş 06 iyul 2007-ci il təvəllüdlü X4 iddiaçı X2 himayəsində saxlanılması və X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 10 avqust 2015ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində, cəmi 216 AZN sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin borclu icra sənədini tam icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, şəxs 2023cü ilin aprel ayına kimi mütəmadi ödənişlər etmiş, lakin qeyd edilən vaxtdan etibarən ödəniş ümumilikdə 500 manat məbləğində hissə-hissə həyata keçirilmişdir. İki dəfə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh tətbiq edildikdən sonra tərəflər arasında Şəxs hər ay 250 manat məbləğində aliment və əlavə olaraq 30-40 manat məbləğində borcdan ödəniş edəcəyi barədə razılıq olmuşdur. Hal-hazırki vaxta Şəxs 1512 manat borcu vardır. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 9 ildir ki, mütəmadi olaraq aliment ödəyir. Rusiya Federasiyasının Moskva şəhərində işlədiyi vaxtlarda təyin olunmuş aliment məbləğindən daha artıq ödənişlər etmişdir. Bakıya qayıtdıqdan sonra işsizlik səbəbilə alimenti tam ödəyə bilmir. Sonuncu ödənişi 2023-cü ilin oktyabr ayında 50 manat məbləğində olmuşdur. O, ödəniş etməkdən boyun qaçırmır,, sadəcə barəsində axtarış elan edilməsi səbəbilə işləyə bilmədiyi üçün aliment üzrə ödənişi tam olaraq həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, o, icra vərəqəsi üzrə müəyyən edilmiş aliment ödənişinin tam şəkildə ödənilməsini tələb edir. Şəxs Moskva şəhərində işlədiyi vaxlarda alimenti tam həcmdə, hətta təyin olunan miqdardan artıq ödəmişdir. Lakin Bakıya qayıtdıqdan sonra ödənişləri ayda bir neçə dəfə hissə-hissə etsə də, yenə də müəyyən aliment məbləğini tam ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 14 noyabr 2023-cü il tarixli MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(008)-8658/15 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2015ci il tarixli, 2(008)-8658/15 saylı qətnaməsi ilə tərəflərin birgə nikahında anadan olmuş 06 iyul 2007-ci il təvəllüdlü X4 iddiaçı X2 himayəsində saxlanılması və X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 10 avqust 2015ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində, cəmi 216 AZN sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin borclu icra sənədini tam icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. “İcraata başlama haqqında” 02 mart 2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8658/15 saylı, 17 dekabr 2015-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 20 oktyabr 2017-ci il tarixli izahatda o, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin iyun ayının 15-nə qədər həbsdə olduğunu, yığılmış borcdan xəbəri olmadığını, həbsdən çıxdıqdan sonra mütəmadi hər ay aliment ödədiyini, alimenti ödəməkdən boyun qaçırmadığını və hər ay 250 manat məbləğində alimenti ödəməyə davam edəcəyini, yığılmış aliment borcunu ödəyə bilmədiyi üçün barəsində inzibati xəta haqqında protokolun tərtib olunaraq məhkəməyə təqdim olunmasından xəbərdar olduöunu bildirmişdir. 22 noyabr 2018-ci il tarixli Xəbərdarlığa əsasən Şəxs icra sənədi üzrə tələbi təmin etmədiyi halda cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən o, Şəxs ona 2000 manat aliment borcu olduğunu və həmin borcun aylıq ödəniş daxil olmaqla hər ay 250 manat ödənilməsinə razılıq verdiyini bildirmişdir. 01 may 2023-ci il tarixli “Borclunun axtarışı haqqında” qərarla borclu Şəxs barəsində axtarış elan edilmiş və borclunun axtarılması barədə məlumat Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Daxili İşlər Nazirliyinin saytının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu və cavabdeh şəxslərlə əlaqəli çıxarışda Şəxs borclu kimi axtarışda olduğu qeyd olunmuşdur. Şəxs tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli izahatda onun icra sənədindən xəbərdar olduğu, işlə əlaqədar ödəniş edə bilmədiyi, 1512 manat borcu olduğu və halhazırda heç bir ödəniş edə bilmədiyi qeyd olunmuşdur. X7 tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli ərizəyə əsasən o, Şəxs bu günədək ona 1512 manat borcu olduğunu və borcun ödənilməsinin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məhkəmə iclasında işləməməsini əsas gətirərək alimenti ödəyə bilmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs əlilliyinin və işləməsinə mane olan hər hansı xəstəliyinin olmadığını bildirərək sadəcə iş tapa bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək gənc bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəlaiyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hallar kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6719/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6719/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver