Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6721/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X1 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən qalıq qalmış 6131 manat borcunun ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən MN № ******* saylı, 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 göstərmişdir ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 9084,6 manat borcunun və xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçıya təyin olunmuş əlilliyin müddəti bitdiyi xx.xx.2021-ci il ilədək hər ay 164,50 manat borcun qalıq qalmış 6131 manat hissəsinin ödənilməsindən yayınır. Borcludan sonuncu dəfə oktyabr-noyabr aylarında 304 manat tutularaq tələbkarın hesabına köçürülmüşdür. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs pensiyasından 50 % tutulma aparılması ilə bağlı "xxxx" ASC-yə məktub ünvanlamışdır. Eyni zamanda borclunun mülkiyyətində hər hansı əmlak müəyyən edilməmişdir Ona görə də borclu Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 izahatında göstərmişdir ki, o hazırda heç bir yerdə işləmir. Borclu Şəxs ona qismən ödənişlər etmişdir, lakin ödənilən məbləğ onu qane etmir. Belə ki, maddi ehtiyacı ilə əlaqədar həmin məbləği bir dəfəyə əldə etmək zərurəti yaranmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o hazırda heç bir yerdə işləmir. Lakin buna baxmayaraq borcunu ödəməkdən də imtina etmir. Onun pensiyasından tutulmalar aparılır. İcra vərəqəsində qeyd olunan məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, xx.xx.2019-cu il il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 6784,6 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi xidmətə görə 300 manat, cəmi 9084,6 məbləğində pul vəsaiti və xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçıya təyin olunmuş əlililiyin müddəti bitdiyi xx.xx.2021-ci ilədək hər ay 164,50 manat cavabdeh Şəxs Çilingər oğlundan tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan portal çıxarışdan Şəxs Çilingər oğlu 303.75 manat məbləğində pensiya alması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 1152-2021 saylı qərarın surətindən görünür ki, Şəxs Çilingər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına dair icra vərəqəsinin verilməsindən 03 ildən artıq müddət keçmiş, lakin məhkəmə qətnaməsi icra olunmamış qalmışdır ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasına haqq qazandıran hal ola bilməz. Borclu icra sənədini hissə-hissə ödəyəcəyini bildirməsinə baxmayaraq borcun hissə-hissə ödənilməsinə dair məhkəmə qərarı olmadığından borcdan az miqdarda ödəniş olunması borcun ödənilməsindən qərəzli yayınmama kimi qiymətləndirilməməlidir. İş materiallarından da göründüyü kimi icra sənədi verildiyi müddətdə borclu onu dərhal icra etməsi mümkün olmasa da, sonradan icra sənədini könüllü icra etməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, borclu icra sənədini icra etməkdən qəsdən yayınır. Bu hal isə işin faktiki hallarından asılı olaraq əvvəl inzibati sonra isə cinayət məsuliyyətinə səbəb olan haldır. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2889/2019 saylı, 29 iyul 2019-cu il tarixli icra vərəqini icra etmək öhdəliyi daşımasına baxmayaraq, icra vərəqini qərəzli şəkildə icra etməkdən boyun qaçırmışdır. Hətta Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1152-2021 saylı qərarı ilə cərimə edilməsinə baxmayaraq həmin qərardan sonra da icra sənədinin icrasını tam şəkildə təmin etməmişdir. İcra sənədinin üzürlü səbəblərdən icra edilməməsinə dair iş materiallarında sübutlar olmamasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktına hörmətsiz yanaşaraq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bununla da, inzibati tənbehin məqsədinə nail olmaq, inzibati tənbeh, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alması istisna olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və tələbkarı dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs yaşlı olması, qismən ödəniş etməsi barəsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, borclunun şəxsiyyətini, Şəxs yaş həddinin altmış beş yaşdan yuxarı olduğunu nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6721/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6721/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver