Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6726/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22 yanvar 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş MN ******* saylı, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 iyul 2016-cı il tarixindən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə ödənilməlidir. Lakin cavabdeh Şəxs 2(010)-8315/2016 saylı, 11 noyabr 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, aliment borcunu ödəməkdən yayınmış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hal-hazırda Şəxs 15200 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, borclu Şəxs bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən öz izahatında dediyinə görə 2500 manat məbləğində ödəniş etmişdir. Dəfələrlə borclu ilə əlaqə saxlanmağa çalışılsa da, o, icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmış, borcu heç bir üzrlü səbəb olmadan ödəməkdən yayınmışdır. Borclu barəsində bütün icra tədbirləri görülmüş, ölkədən çıxışına məhdudiyyət qoyulmuş, barəsində axtarış tədbirləri görülmüşdür. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru barəsində icraat aparılan şəxsin məşğulluq orqanında qeydiyyatda olduğunu, zərərçəkmiş şəxsin isə şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından xəbərdar olduğunu, lakin maddi imkanının olmaması ilə əlaqədar ödənişi tam məbləğdə ödəyə bilmədiyini, cəzaçəkmə müəssisəsindən yeni çıxdığını, hal-hazırda da işsiz olduğunu qeyd etmişdir. Şəxs qeyd olunanları nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən bu günədək ona cəmi 1000 manat məbləğində aliment ödənişinin edildiyini, lakin uşaqlarının xahişi ilə hazırda Şəxs qarşı şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8315/2016 saylı, 11 noyabr 2016-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8315/2016 saylı, 11 noyabr 2016cı il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 iyul 2016-cı il tarixindən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8315/2016 saylı, 11 noyabr 2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, həmin sənəd tələbin könüllü icrası barədə bildirişlə birlikdə tərəfə xx.xx.2017-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 8(008)- 215/2018 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli 17/6-5563 nömrəli məktubuna əsasən, Şəxs xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. xx.xx.2022-ci il tarixli 453/2017-4-9-006 nömrəli, xx.xx.2022-ci il tarixli 453/2017-4-9- 006 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli 453/2017-4-9 nömrəli xəbərdarlıqlardan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir və bu xəbərdarlıqlar müvafiq olaraq xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şəxs iş materiallarında olan xx.xx.2022-ci il tarixli, izahatından görünür ki, o, icra sənədinin icrasından xəbərdardır, lakin o, hal-hazırda işləmədiyini, maddi imkanının olmadığını, icra vərəqəsini tam şəkildə icra edə bilmədiyini, bu günə qədər isə borcdan 2500 manat ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən qanunla müəyyən olunmuş müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 8315/2016 saylı, 11 noyabr 2016-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, alimentin ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs hazırda Şəxs şikayətçi olmadığını bildirsə də məhkəmə qeyd edir ki, AR İXM-nin 528.1-ci maddəsinə münasibətdə qanunverici zərərçəkmiş şəxsin şikayəti olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini nəzərdə tutmamışdır ki, belə olan halda sözügedən maddə ilə təqsiri müəyyən edilmiş şəxsin bu əsasla məsuliyyətdən azad edilməsi mümkün hesab edilmir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yalnız zərərçəkmiş şəxsin mənafeyinə toxunmamaqla dövlət adından çıxarılmış məhkəmə aktlarına laqyed münasibətin göstəricisi olduğundan qanunverici inzibati məsuliyyət məsələsini yalnız zərərçəkmiş şəxsin iradəsindən asılı etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri, məsuliyyətini yüngüləşdirən hal, məsuliyyətini ağırlaşdıran halların olmaması nəzərə alınaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 12 dekabr 2022-ci il tarixdən, saat 13:00dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6726/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6726/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver