Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6769/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsindən Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında xx.xx.2025-ci il tarixli, saat 16:55-də idarənin xx.xx.2025-ci il tarixli 11-3-1/2-6466/2025 nömrəli yazılı göndərişini yerinə yetirmədiyi müəyyən edilmişdir. Tütün məmulatlarının adı mağazanın vitrində qeyd edilmişdir. Bu isə Reklam haqqında qanunun tələblərinə ziddir. Qeyd olunan faktla bağlı İdarənin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Qeyd edilən pozuntuların aradan qaldırılmasına dair rəsmi qaydada vəzifəli şəxsə göstəriş göndərilmişdir. Lakin fərdi sahibkar 5 gün müddətində həmin pozuntuları aradan qaldırmamışdır. Ona görə də vəzifəli şəxs barəsində AR İXM-nin 428.7.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokolu müdafiə edərək məhkəmədən inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, tütün məmulatlarının adının mağazanın vitrinində qeyd edilməsinin qanun pozuntusu olmasını bilməmişdir. O, tütün məmulatlarının özünün təsvir olunmasının qanunsuz olduğunu,adının qeyd edilməsinin qanun pozuntusu olmadığını yalnız həmin tütün məmulatlarını istifadə edən şəxslərə bununla bağlı məlumat verdiyini düşünmüşdür. Bakı şəhər Reklam İdarəsindən daxil olmuş göstərişi almasına baxmayaraq onun hazırki iş üzrə olduğunu bilməmişdir. Onların digər mağazasında olan tütün məlumatları ilə bağlı olduğunu düşünmüşdür. Bununla bağlı idarəyə yaxınlaşdıqda ona bu barədə məlumat verilmiş və bundan sonra mağazanın vitrinindən həmin yazıları yığışdırmışlar.Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin baş müfəttişi X2 tərəfindən tərtib edilmiş 22 oktyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında xx.xx.2025-ci il tarixli, saat 16:55-də idarənin xx.xx.2025-ci il tarixli 11-3-1/2-6466/2025 nömrəli yazılı göndərişini yerinə yetirmədiyi müəyyən edilmişdir. Bu fakt inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərlə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən fərdi sahibkar Şəxs müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verilmişdir. Qeyd edilən göstərişin alınmasını təsdiq edən qəbzdən görünür ki, Şəxs ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında “Voz Bar” adlı obyektin üzərində qanunla qadağan edilməsinə baxmayaraq yayımlanmış 4 ədəd 2,57 m ² ölçüdə reklam aşkar edilmişdir. Akta 1 ədəd fotoşəkil əlavə edilmişdir. Vergi ödəyicisi barədə məlumata dair çıxarışdan görünür ki, Şəxs ********** VÖEN-lə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 428.7.3-cüü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü bəndinə əsasən reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir. Həmin Qanununun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Həmin Qanunun 4.6-cı maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir. Həmin Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.6-cı bəndinə əsasən açıq məkanda yerləşdirilməsinə icazə verilən, həmçinin bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir. Həmin qaydaların 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Həmin qaydaların 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında baş vermişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi halı,yəni tütün məmulatlarının mağazanın vitrinində reklamı müəyyən olunaraq bununla bağlı müvafiq akt tərtib edilmiş, həmin akt və müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş fərdi sahibkara surətli poçt vasitəsilə müvafiq ünvana göndərilərək qaiməyə imza edilərək qəbul edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən prosedur qaydalara ardıcıllıqla riayət olunmuş, vəzifəli şəxs tərəfindən pozuntunun aradan qaldırılması üçün müddət təyin edilməklə vaxt verilmiş, göndərilən göstəriş ünvana göndərilməklə həmin ünvanda da qəbul edilmişdir. Protokola əlavə edilmiş akt və foto şəkillərdən inzibati xəta hadisəsinin mövcudluğu aşkar edilir. Vəzifəli şəxs göstərişi aldığı vaxtdan 5 gün ərzində müvafiq pozuntuları aradan qaldırmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tütün məmulatlarının adının yazılmasının deyil, təsvirinin verilməsinin qanun pozuntusu olması ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən tütün və tütün məmulatlarının reklamı qadağandır, eyni zamanda “Reklam qurğularına dair Texniki Tələblər”ə əsasən reklamın vitrin üzərində hərf, rəqəm və.s təsvirlər şəklində yerləşdirilməsi mümkündür. Yəni, açıq məkanda tütün məmulatlarının adının yazılması da reklamla bağlı qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cu maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6769/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6769/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver