Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6786/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs3 nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4583/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5342/2023 saylı, xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1495/2024 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq icra məmuru Şəxs MMC tərəfindən yalnız Zərərçəkmiş şəxs2 MMC-yə ödənişlər edildiyini, digər iki hüquqi şəxsə münasibətdə heç bir ödəniş edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə2 izahatında göstərmişdir ki, onun rəhbərlik etdiyi MMC komputer avadanlıqlarının alqı-satqısı ilə məşul olur. MMC-nin Zərərçəkmiş şəxs3 MMC, Zərərçəkmiş şəxs1 MMC və Zərərçəkmiş şəxs2 MMC-yə borcları var. Zərərçəkmiş şəxs2 MMC-yə mediasiya prosesinə qədər 205 000 manata qədər borcumuz olmuş, mediasiya prosesində 60000 manat yaxın pul ödənilmiş, daha sonra məhkəmə prosesi zamanı da ödənişlər olunmuş, hal-hazırda Zərərçəkmiş şəxs2 MMC-yə 18000 manata yaxın borcumuz qalmışdır. Zərərçəkmiş şəxs3 MMC ilə bağlı borc məbləği 206 000 manat qeyd olunsa da, ondan 21 000 manat nəğd şəkildə ödənilmiş və hazırda borc 185 000 manat təşkil edir. Zərərçəkmiş şəxs3 MMC qətnamənin icraya göndərilməməsi barədə məhkəmə ünvanlanan ərizəsi olduğu üçün, həmçinin borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı aralarında yazılı razılıq olduğu və sentyabr ayına qədər MMC-yə ödəniş üçün vaxt verildiyi üçün ilk öncə Şəxs MMC-nin Zərərçəkmiş şəxs2 MMC-yə olan borcundan ödənişlər etmişdir. Zərərçəkmiş şəxs1 MMC-yə münasibətdə isə Şəxs MMCnin 110 000 manat borcu vardır. Sonuncu dəfə 2 ay bundan qabaq 7000 manat məbləğində ödəniş etmişdir. Borcları ödəmək üçün özünə məxsus avtomobili və evi satmışdır. MMC-yə məxsus bank hesabları vergi sərəncamındadır və bloklanıb. Halhazırda işi zəif olduğu üçün ödəniş edə bilmir və yalnız 10 gündən sonra müəyyən məbləğdə ödəniş edə bilər. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs MMC-nin direktoru Nümayəndə2 Zərərçəkmiş şəxs3 MMC-yə 21000 manat məbləğində vəsaitin ödənilməsini təsdiq edən sənədin olmadığını, həmin məbləğdən başqa bu günədək həmin MMC-yə hər hansı məbləğdə vəsait ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 Şəxs MMC tərəfindən icra vərəqəsinin bilərəkdən, qərəzli şəkildə icra edilmədiyini, MMC-yə sentyabr ayına qədər vaxt verildiyini, lakin bu müddətdə heç bir ödəniş edilmədiyini, MMC-nin əməlində əslində dələduzluq cinayətinin olduğunu bildirərək hüquqi şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbehin yuxarı həddində inzibati cərimənin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4583/2023 saylı icra vərəqəsindən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında 12 iyun 2023-cü il tarixli Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/13/2023-00500 saylı Barışıq Sazişi təsdiq edilmişdir. Məsələnin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və şərtləri (barışıq sazişinin şərtləri): 1.Tərəflər razılaşır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 05 may 2022-ci il tarixli CD-211/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən 205 000.28 manat məbləğində borc yaranmışdır. 2.Tərəflər razılaşır ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC- yə dəymiş zərər 10000 manatdır. 3.Tərəflər razılaşır ki, mediasiya prosesi keçirildiyi dövrdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 64 043 manat ödənilib. Tərəflər razılaşır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 05 may 2022-ci il tarixli CD-211/2022 nömrəli alqı-satqı müqaviləsindən yaranmış 140 957.28 manat məbləğində dəymiş zərər "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2023-cü il tarixindən etibarən 01 sentyabr 2023-cü il tarixinə qədər hər ay iki dəfə ödəmə olmaqla tam ödəniş ediləcəkdir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2-(113)-4583/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5342/2023 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 MMC və Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5342/2023 saylı qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs1 MMC və Şəxs MMC aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdır: 1.Cavabdeh heç bir şərt olmadan qəbul edir ki, iddiaçı ilə onun arasında bağlanan DV2005107 nömrəli, 13 noyabr 2020-ci il tarixli müqavilə üzrə iddiaçıya ümumilikdə 168950,20 manat borcludur. 2.Cavabdeh həmçinin onu da öhdəsinə götürür ki, hazırda iddiaçı ilə onun arasında mövcud olan kommersiya mübahisəsi üzrə iddiaçının ilkin mediasiya sessiyası üçün ödədiyi 405 manat mediasiya haqqını, 78 manat dövlət rüsumunu və hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 2000 manat vəsaiti bu sazişin 3-cü bəndində qeyd edilən formada tam şəkildə iddiaçıya ödəyəcək. 3.Bu sazişi imzalamaqla cavabdeh öhdəsinə götürür ki, onunla iddiaçı arasında bağlanan DV2005107 nömrəli 13 noyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 168950,20 manat borc məbləğini və iddiaçının mediasiya haqqı, dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsinə görə ödədiyi 2483 manat vəsaiti, yəni ümumilikdə 171433,20 manat borc məbləğini 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə hər ay 6000 manat, 2024-cü ilin aprel ayından etibarən hər ay 10228,88 manat olmaqla 15 ay ərzində taam şəkildə ödəyəcək. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5342/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1495/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxsndən 206000,87 manat (iki yüz altı min manat səksən yeddi qəpik) əsas borc, 10000 (on min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,80 manat (yüz iyirmi iki manat səksən qəpik) olmaqla, cəmi 216123,67 manat (iki yüz on altı min yüz iyirmi üç manat altmış yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1495/2024 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs MMC-nin direktoru tərəfindən verilmiş izahatdan görünür ki, MMC-nin direktoru izahatında məhkəmə aktlarından məlumatlı olduğunu, "xxxx" MMC-yə hissə-hissə ödənişlər etdiyini, hazırda 18000 manat borcunun qaldığını, Zərərçəkmiş şəxs1 MMC-nin ona borcunun olduğunu, onlarla hissəvi razılaşacağını, "xxxx" MMC-yə 14000 manat borcunun qaldığını, hissə-hissə ödəməklə icra sənədlərini icra edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən elektron kabinet vasitəsi ilə göndərilmiş ərizədən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə olan borc qaytarılmamış və MMC icra sənədinin icrasından yayınmışdır. Tərəflər arasında barışıq yoxdur. Xahid edir ki, Şəxs barəsində 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs in, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs MMC icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla yanaşı, nümayəndə məhkəmə iclasında icra sənədinin icra edilməməsini müəssisənin maddi gəlirinin az olması ilə əlaqələndirərək borcu hissə-hissə ödəyəcəyini bildirsə də, AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu da etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şəxs MMC-nin direktoru məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-yə borcunun əksər hissəsini ödədiyini, birinci həmin hüquqi şəxsə ödənişlər etməyə başladığını, onu bitirdikdən sonra digər hüquqi şəxslərə borcunu ödəyəcəyini bildirsə də, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə aktları ilə bağlı verilmiş icra vərəqələrinin hər hansı birinə borclu tərəfindən üstünlük verilərək birinci onun icrasının təmin edilməsi, digər icra vərəqələrinin tam icrasız qalması yolverilməz olmaqla şəxsin inzibati məsuliyyətdən kənarda qalması ilə nəticələ bilməz. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs MMC-nin müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Bu isə onu deməyə əsas verir ki, Şəxs MMC məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarları ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini tam təmin etməmiş, ötən uzun müddət ərzində cəmi bir hüquqi şəxsə qismən ödəniş etmiş, digər hüquqi şəxslərə münasibətdə tamamilə hərəkətsiz qalaraq heç bir ödəniş etməmiş, bununla da, borcun ödənilməsinə laqeydlik göstərərək icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs MMC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, icra sənədlərindən biri üzrə borc məbləğinin əksər hissəsinin ödənilməsini (İXM-32.2), məsuliyyətini ağırlaşdıran halların olmadığını, kifayət qədər borcu olan hüquqi şəxsin yüksək məbləğdə cərimələnməsinin həm onun iqtisadi vəziyyəti, həm də borclarının ödənilməsini gözləyən zərərçəkmiş hüquqi şəxslərin mənafeləri baxımından məqsədəmüvafiq olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının minimum həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi hüquqi şəxsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6786/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6786/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver