Məhkəmə qərarları › İş №3(008)-6816/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6816/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6816/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi-oğlu X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Öysəd oğlunun iştirakları ilə, 24 iyul 1976-cı il tarixdə Ağdam rayonu, Papravənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan Şəxs Öysəd oğlunun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibat xəta haqqında MN ******* saylı, 15 dekabr 2022-ci il tarixli protokola əsasən Şəxs Öysəd oğlu Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(008)-507/2010 saylı icra sənədinə əsasən ödəməli olduğu 5000 ABŞ dolları məbləğində pulu tələbkara üzürsüz səbəbdən ödəməmiş və bununla AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, icra sənədi üzrə 21 avqust 2020-ci il tarixdə icraata başlanılmışdır. İcra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş, daha sonra onun icraatına verilmişdir. Borclu tərəfindən həmin dövrdə cəmi 300 manat ödəniş edilmiş və həmin məbləğ də qəbz vasitəsilə zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Bundan sonra borclu tərəfindən borc üzrə heç bir ödəniş edilməmiş, o, hər dəfə müxtəlif səbəblərlə borcu ödəməkdən yayınmışdır. Dəfələrlə onunla əlaqə saxlanılmağa çalışılsa da, icra şöbəsinə dəvət olunsa da, icra məmurunun çağırışlarına gəlməmişdir. Ona inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasını təmin etmək üçün borcdan hər hansı ödəniş etməmiş və bununla da üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu barəsində axtarış işi açılmış, bu gün polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilmişdir. Bu səbəbdən Şəxs Öysəd oğlu barəsində qanunla nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Öysəd oğlu məhkəmə qətnaməsinin icrada olmasından 2020-ci ildə xəbərdar olduğunu, maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu ödəyə bilmədiyini qeyd etmişdir. Bundan sonra hissə-hissə ödəyəcəyinə dair söz verdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X7 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən bu günə qədər sadəcə 300 manat məbləğində ödəniş ediliyini, ondan sonra onun tərəfindən zərərçəkmiş şəxsə hər hansı bir ödəniş edilməyini, onun icra sənədinin icrasından qəsdən yayındığını bildirirək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(008)-507/2010 saylı icra sənədindən görünür ki, iddiaçı X5 ilə cavabdeh Şəxs Öysəd oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Şəxs Öysəd oğlundan 5000 ABŞ dolları məbləğində pulun (manat ekvivalentində) alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 21 avqust 2020-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Öysəd oğlunun izahatından görünür ki, o, icra şöbəsində izahat verərək 2011-ci ildə 1000 amant ödəniş etdiyini, bundan sonra məhkəmə qətnaməsinin icrada olduğundan 2020-ci ilin iyun ayında xəbərdar olduğunu, qətnamə ilə müəyyən edilmiş məbləği tam olaraq ödəməyə imkanı olmadığından ayda müəyyən məbləğdə hissə hissə ödəyə biləcəyini qeyd etmişdir. 18 mart 2021-ci il tarixli 2 qəbzdən və 26 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Şəxs Öysəd oğlu tərəfindən ödənilmiş 300 manat məbləğində pul vəsaiti X5 tərəfinfən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, o cümlədən, yuxarıda sadalanan və iş materiallarında olan sübutlarla Şəxs Öysəd oğlunun AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək məhkəmə qətnaməsini üzürlü səbəblər olmadan icra etməməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar isə mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs Öysəd oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini səmimi etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Öysəd oğlu barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Öysəd oğlu məhkəmə qətnaməsini hissə-hissə icra etməyə hazır olduğunu bildirərək qətnamənin icrasından qəsdən yayınmadığına istinad etsə də, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(008)- 507/2010 saylı icra sənədindən görünür ki, icra vərəqəsində gğstərilən məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmuş və borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmiş və məhkəmə baxışı zamanı da belə bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, müvafiq icra sənədinin verilməsindən kifayət qədər uzun müddət keçmiş, lakin borclu tərəfindən qətnamənin icrası üçün hər hansı tədbir görülməmişdir ki, bu da onun məhkəmə qətnaməsini qəsdən və hər hansı üzürlü səbəb olmadan icra etmədiyinə dəlalət edir. Borclu məhkəmə iclasında qətmənin icra edilməməsini maddi imkanının olmaması ilə əlaqələndirsə də, AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə Şəxs Öysəd oğlunun müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Beləliklə, Şəxs Öysəd oğlu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Öysəd oğlu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar