Məhkəmə qərarları › İş №3(008)-6844/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6844/2024

05.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6844/2024 05.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-patrul xidməti Alayının yol patrul xidməti baş inspektoru, polis mayoru X2 və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, ev 5, mənzil 2 qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 510 və 511.1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 327.1 və 511.1.1-ci maddələri ilə tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş 05 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş protokola əsasən, Şəxs 02 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində “Ford Mustang” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmiş və aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirmiş, bununla da yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlədərək şöbədə ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yolpatrul xidməti Alayının yol patrul xidməti baş inspektoru, polis mayoru X4 protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, şəxs icarəyə götürdüyü “Ford Mustang” markalı avtomobillə Sabunçu rayon ərazisində, Elşən Mehdiyev küçəsində hərəkətdə olarkən avtoxuliqanlıq edərək ictimai qaydanı pozmuş, daha sonra cəmiyyətə açıqca hörmətsizlik ifaə edən bu görüntüləri özünün “Tiktok” hesabında paylaşmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X3 inziabti xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 511.1.1-ci maddəsi ilə təqsirli hesab edərək əməlindən peşman olduğunu, AR İXM-in 510-cu maddəsi ilə bağlı isə təqsirinin olmadığını və Polis Şöbəsində nalayiq iafdələr işlətmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 04 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən, Şəxs 02 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində “Ford Mustang” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmiş və aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirmiş, bununla da yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İnzibati xəta haqqında 05 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmişdir. “İnzibati qaydada tutma” haqqında 04 oktyabr 2024-cü il tarixli, AZA 017010 saylı protokoldan görünür ki, Şəxs 04 oktyabr 2024-cü il tarixdə saat 20.00-da tutulmuşdur. Şəxs tərəfindən Bakı şəhər DYPİ və Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsində verilən izahatlardan görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, polis şöbəsində olarkən ünvansız nalayiq ifadələr işlətdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş vidediskdə olan görüntülərdən görünür ki, “Ford Mustang” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilİN sürücüsü Şəxs AR İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Həmin qərəzli hərəkətlərə: 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri və videodiskdə olan görüntünü tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şəxsin özünün etirafedici izahatı ilə yanaşı iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsindən görünür ki, avtoxuliqanlıq xətasının tərkibinin mövcud olması üçün aşağıdakılar mütləqdir.

1. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qayda və əhalinin dincliyi nümayişkaranə şəkildə pozulmalı;

2. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməli;

3. Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulmalı;

4. Və bu hərəkətlər qərəzli olmalıdır. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanların və və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq olur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edilməsi hərəkətin sosial mahiyyətini əks etdirir, hərəkətin bir qayda olaraq ictimai yerdə, yəni küçədə, kafedə və s. törədilməsini nəzərdə tutur. Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulma dedikdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən edilmiş qaydaların müxtəlif üsullarla (iki və daha artıq üsulla) davamlı (bu hərəkət bir neçə dəfə davam etməlidir) pozulması başa düşülür. Hərəkətlərin qərəzli olması dedikdə, hərəkətlər ehtiyatsızlıqdan baş verməməli, subyekt öz əməlini dərk etməli, onun nəticələrini görməli və bunları arzu etməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan CD diskdəki görüntüdə Şəxs avtoxuliqanlıq etməsi, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə AR İXM-nin 38-ci maddəsinin tələblərini nəzərə alaraq AR İXM-nin 511.1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Hazırki materialdan görünür ki, Şəxs tərəfindən AR CM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 02 mart 2024-cü il tarixdə törədilmiş ki, belə olan inzibati xətanın törədildiyi vaxtdan 07 ay 03 gün müddət keçdiyindən və bununla da həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etməyə imkan verən 04 aylıq müddət də keçmiş hesab olunmaqla bu hal, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-nin 511.1.1-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. Odur ki, Şəxs AR İXM-nin 511.1.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. AR İXM-in 510-cu maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxin özünün polis şöbəsində verdiyi yazılı izahatı, məhkəmə iclasında iştirak edən polis əməkdaşının izahatında göstərdiyi xüsusatlarla Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək polis bölməsində olan zaman ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması sübuta yetirilmişdir. Məhkəmə iclasında Şəxs polis bölməsində nalayiq ifadələr işlətmədiyini göstərsə də, onun özünün yazaraq imzaladığı yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı səmimi etiraf edərək 04 oktyabr 2024-cü il tarixdə polis bölməsində ünvansız nalayiq ifadələr işlətdiyini, bunu qəsdən etmədiyini, bir də belə halların təkrarlanmayacağını, əməlindən peşman olduğunu bildirmişdir ki, bu da Şəxs məhkəmə iclasında verdiyi izahatının özünümüdafiə xarakterli və inzibati məsuliyyətdən yayınmağa cəhd etməsinə yönəlik izahat kimi qiymətləndirilməsi üçün əsasdır. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Saxlanılma Mərkəzinə tapşırılsın. Şəxs AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar