Məhkəmə qərarları › İş №3(008)-6866/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6866/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6866/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində ünvan 2 ünvanının qarşısında polis əməkdaşlarının əmrinə tabe olmamış, polis əməkdaşlarının ünvanına nalayiq söz işlədərək əl-qol atmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, hadisə günü yolda qəza baş vermiş və çoxlu insan toplaşmışdır. O, da əlində telefon orada olmuşdur. Qəfildən bir nəfər mülki geyimli şəxs onun telefonuna boylanaraq baxdığından o, həmin şəxsə qışqırmışdır. Bu zaman post patrul əməkdaşı ona demişdir ki, həmin adam baxır yaxşı edir. O isə əsəbləşib həmin telefonuna baxan şəxsə qarşı nalayiq ifadə işlətmişdir. Bundan sonra demişlər ki, həmin şəxs polis zabitidir. Bundan sonra onu post patrul maşınına əyləşdirmişlər, o, çox əsəbə olduğundan orada olan polis əməkdaşına da artıq söz demişdir. Həmin vaxt özündə olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, hadisə günü yolnəqliyyat hadisəsi baş verdiyindən Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində xeyli insan toplaşmışdır. O, bir nəfər şəxsin əlində telefon tutduğun görmüş və çəkiliş apardığını düşünmüşdür. Yaxınlaşıb həmin şəxsin telefonuna baxmış, həmin şəxs ona kobud cavab vermişdir. Həmin vaxt o mülki geyimdə olduğundan post patrul xidmətinin əməkdaşı vətəndaşa onun polis zabiti olduğunu bildirmiş, bu zaman Şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra post patrul xidməti əməkdaşları onu avtomobilə əyləşdirmişlər, bundan sonra isə o, həmin polis əməkdaşlarına qarşı da nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində ünvan 2 ünvanının qarşısında polis əməkdaşlarının əmrinə tabe olmamış, polis əməkdaşlarının ünvanına nalayiq söz işlədərək əl-qol atmışdır. 19 noyabr 2023-cü il tarixli, 1/6468 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Şəxs ayıq olmuşdur. “İnzibati qaydada tutma haqqında” 19 noyabr 2023-cü il tarixli, AZA 017134 saylı protokoldan görünür ki, Şəxs 19 noyabr 2023-ci il tarixdə, saat 01:30-da tutulmuş, 21 noyabr 2023-cü il tarixdə, saat 01:30-da azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) olmasını, məsuliyyətini ağırlaşdıran halın olmadığının nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində, AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuş, tutma protokolunda formal olaraq onun 21 noyabr 2023-cü il tarixdə, saat 01:30-da azad olunması göstərilsə də, o, polis nəzarəti altında 21 noyabr 2023-cü il tarixdə, saat 12:50-də məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar