Məhkəmə qərarları › İş №3(008)-6872/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6872/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6872/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Atakişi Nizami oğlu Atakişiyevin katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 21 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(008)-120/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 18 aprel 2012-ci il təvəllüdlü X5, 23 yanvar 2014-cü il təvəllüdlü X7 və 31 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1 aylaradək alimentin Şəxs əmək haqqından tutulduğunu, son aylar işləmədiyindən alimentin özü tərəfindən ayda 200-300 manat olmaqla ödənildiyini, yaranmış borcun əvvəllər hesablanmış borc olduğunu, tələbkar borcu tələb etdiyindən hazırda inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Bu günədək o, məşğulluq xidmətinin təmin etdiyi işdə çalışaraq əmək haqqında aliment tutulmuşdur. Sonra səhhəti ilə əlaqədar işdən çıxmış, lakin yenə də hər ay 200-300 manat məbləğində ödəniş edir. Bununla yanaşı, o, bəzi hallarda uşaqları və keçmiş həyat yoldaşı ilə birlikdə yaşayır. Uşaqlarının ehtiyaclarını qarşılayır. Hazırda məhkəmə iclasında da 1000 manat məbləğində ödəniş etməyə hazırdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şəxs tərəfindən hər ay ödənişlər olunsa da, borc məbləğinin qaldığını, həmin pulun da ödənilməsini tələb etdiyini, son aylar Emin tərəfindən onun kartına hər ay təxminən 200-300 manatarası məbləğ ödənildiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Şəxs bəzən onlarla qaldığını, uşaqları ilə daima maraqlandığını, onların ehtiyaclarını qarşıladığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(008)-120/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 18 aprel 2012-ci il təvəllüdlü X5, 23 yanvar 2014-cü il təvəllüdlü X7 və 31 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 04 aprel 2022-ci il il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(008)-120/2022 sayl icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli izahatında aliment məbləğini maddi imkanının yol verdiyi qədər ödədiyini, ödənişlərdən yayınmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında əvvəllər Dövlət Məşğulluq Xidmətinin təmin etdiyi iş yerində çalışaraq hər ay mütəmadi ödənişlər etməsi, hazırda Şəxs rəsmi olaraq işləməməsi, bununla yanaşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən hər ay mütəmadi aylıq qazancına uyğun olaraq 200-300 manat zərərçəkmiş şəxsə ödəməsi, bundan əlavə uşaqlarının digər ehtiyaclarını qarşılaması, hazırda məhkəmə iclasında isə aliment borcundan 1000 manat ödəməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmamış, hal-hazırda işləməməsinə baxmayaraq icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə ödənişlər etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən hər ay mütəmadi olaraq ödənişlər etməsi, hazırda da borcdan 1000 manat məbləğində ödəniş etməsi, yığılmış borc məbləğinin əksər hissəsinin daha öncəki illərə aid olması öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, lakin buna baxmayaraq aliment məbləğini ödəməkdən yayınmayaraq ödənişlər etməsi, o cümlədən bu fakt zərərçəkmiş şəxs tərəfindən təsdiq edildiyindən və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar