Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6875/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon DYPŞ tərəfindən 18 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini dəqiqləşdirərək Sabunçu rayon DYPŞ tərəfindən 18 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının 3.4-cü bəndində ümumi olaraq örtük sözündən istifadə olunduğunu, həmin bənddə pərdənin istisna olunmasının qeyd olunmadığını, bu halın sürücünün xeyrinə şərh olunmalı olduğunu qeyd edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru Nümayəndə izahatında bildirmişdir ki, vətəndaş X2 onun tərəfindən avtomobilin arxa şüşəsində qanunsuz olaraq pərdə asılmasına görə saxlanılmış, vətəndaşa AR Nazirlər Kabinetinin 18 saylı, 21 yanvar 2023cü il tarixli qərarına əsasən minik avtomobillərinin ban şüşələrinə, yəni qabaq, yan və arxa şüşələrinə pərdə çəkilməsinin qadağan edilməsi və həmin əmələ görə AR İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati məauliyyət nəzərdə tutulduğu izah edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla bağlı videogörüntülər də mövcuddur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 18 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, 18 noyabr 2023-cü il tarixdə, saat 14:44-də X1 idarə etdiyi “Hyundai-Sonata” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi halı müəyyən edilmişdir. İnzibati təbheh vermə haqqında 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti baş inspektoru Nümayəndə tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, X1 idarə etdiyi “Hyundai-Sonata” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsində pərdə olmuş, polis əməkdaşı tərəfindən ona avtomobilin baş şüşələrinə pərdə çəkilməsinin qadağan olunması və qanunsuz olması izah edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının: 2.1.2-ci bəndinə əsasən örtük – jalüz, pərdə və ya plyonka hesab edilir. 3.2.-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin Vİİ hissəsinin 3-cü bəndinə əsaəsn sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə nasazlıq kimi qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarından açıq-aydın görünür ki, yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda örtüyün bütün növlərindən, yəni, plyonka, jalüz və pərdədən istifadə edilməsinə icazə verilsə də, minik avtomobillərində yanız plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilmiş, pərdə asılmasına isə icazə verilməmişdir. Məhkəmə iclasında şikayətçi X2 avtomobilin arxa şüşələrinə pərdə asılmasının qanunla qadağan olunmadığını, pərdə asılmasını istisna edən konkret normanın olmadığını, əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının 3.4-cü bəndində ümumi olaraq örtük sözündən istifadə edildiyini, pərdə ilə bağlı istisnanın qeyd olunmadığını bildirsə də, məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarında minik avtomobillərində istifadəsinə icazə verilmiş örtüklərin konkret növünün göstərdiyi və həmin növlər arasında pərdənin göstərilmədiyi halda həmin qərarda birbaşa pərdənin çəkilməsinin qadağan edilməsinə dair ifadənin olmaması və ya həmin qərarın 3.4-cü bəndində ümumi olaraq örtük sözündən istifadə olunması minik avtomobillərinin ban şüşələrində pərdənin istifadənin qanuni olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli, 18 saylı qərarının 3.2-ci maddəsində minik avtomobilləri ilə yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda istifadəsinə yol verilən örtüklərin ayrı-ayrı bəndlərdə göstərilməsi, digər sadalanan avtomobillərdə jalüz və plyonka ilə yanaşı pərdənin də istifadəsinin qanuni hesab olunmasına baxmayaraq minik avtomobilləri üçün istifadəsinə icazə verilən örtüklər arasında pərdənin nəzərdə tutulması minik avtomobillərində pərdənin asılmasının istisna edilməsinə və pərdədən istifadənin qanunsuz olmaqla pozuntu kimi qiymətləndirilməsinə dəlalət edən haldır. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş videogörünütülərlə X1 idarə etdiyi Hyundai- Sonata” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsində pərdənin asılması öz təsdiqini tapmışdır. X2 özü də avtomobilin arxa şüşəsindən pərdə asılmasını təsdiq etmiş, sadəcə bunun qanunsuz olmadığını iddia etmişdir. Göründüyü kimi, X1 idarə etdiyi Hyundai-Sonata” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsində pərdənin asılması işin mübahisəsiz halıdır. Şikayətçi tərəfindən mübahisələndirilən hal isə (avtomobilin arxa şüşəsinə pərdələrin çəkilməsinin qadağan edilməməsi) məhkəmə iclasında tam, hərtərəfli araşdırılmış və həmin dəlilə müvafiq hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6875/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6875/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver