Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6972/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)-568/2021 saylı icra vərəqəsinə əsasən 3740 manat, 17 may 2023-cü il tarixli, 2(009)-568/2021 saylı icra vərəqəsinə əsasən 3300 manat aliment borcunu və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1182/2021 saylı icra vərəqəsinə əsasən 4380 manat dəyərində əşyaların dəyərini tələbkar Zərərçəkmiş şəxs qərəzli olaraq ödəməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən son aliment ödənişinin 2023-cü ilin may ayında 50 manat məbləğində həyata keçrildiyini, ona AR CMnin 306.1-ci maddəsilə başlanmış cinayət işi üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, azadlıqda qalmasına baxmayaraq heş bir ödəniş etmədiyini, hökmdən sonrakı dövrdə də 1537 manat aliment borcunun yarandığını, əvvəllər də barəsində 528.1ci maddəsi ilə barəsində iki dəfə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyini qeyd edərək şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, X4 iştirakçısıdır. Başında qəlpə vardır. Müharibədən qayıtdıqdan sonra səhhəti ilə bağlı problemləri yaranmış və işləyə bilməmişdir. Hal-hazırda ailəlidir və himayəsində azyaşlı övladları var. 2023-cü ilin may ayından etibarən aliment üzrə ödəniş etməmişdir. Bu ilin oktyabr ayında yeni işə başlayıb və noyabr ayında etibarən həm aylıq aliment ödənişlərini, həm də yığılmış borcdan müəyyən məbləğdə ödəniş edəcəkdir. İndiyədək atasıgil bir neçə dəfə uşağı görmək üçün getmiş, ona müəyyən məbləğdə ödəniş etmiş və bəzi ehtiyaclarını qarşılamışlar, lakin bunu təsdiq edən heç bir sübut yoxdur. Özü uşaqla görüşmək üçün getdikdə zərərçəkmiş tərəf onu polisə şikayət etmişdir, bu səbəbdən uşağı görə bilmir və uşaqla görüşmək üçün məhkəməyə ərizə vermişdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs aliment ödənişi etmədiyi dövrün müəyyən hissəsini işlədiyini, lakin həmin qazancı ilə yalnız ailəsinin ehtiyaclarını qarşılaya bildiyini, alimenti ödəməməyə maddi imkanının yol vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlu indiyədək Şəxs ailəsi tərəfindən cəmi 130 manat məbləğində pul verildiyini, 01 il 05 aydır ki, heç bir alimet ödənişinin həyata keçirilmədiyini, qıının işsiz olduğunu və uşağa baxmaqda çətinlik çəkdiyini, hal-hazırda Şəxs şikayətçi olduğunu və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)-568/2021 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-5282/2017 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılaraq 170 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(009)-887/2023 saylı icra vərəqəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)-568/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 1182/2021 saylı icra vərəqəsinə əsasən qiyməti 4380 manat olan bir ədəd qızıl dəst (bilərzik, üzük, kulon, sep, sırğa), bir ədəd qızıl qolbaq və bir ədəd nişan üzüyü, onların natura şəklində verilməsi mümkün olmadığı halda dəyərinin Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(009)-887/2023-010 saylı icra vərəqəsi üzrə icraat başlanılmış və tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. xx.xx.2017-ci il tarixli, 2(009)-5282/2017 saylı icra sənədi üzrə Suraxanı Rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş 16 mart 2018-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş 11 avqust 2022-ci il tarixdə Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 1(008)-454- 2023 saylı hökmü ilə Şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 12 avqust 2024-cü il tarixli Qərara əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(009)-568/2021-008 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1182/2021-011 saylı və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(009)-887/2023-010 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclunun axtarışı haqqında 08 oktyabr 2024-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan olunmuşdur. Şəxs 09 oktyabr 2024-cü il tarixli izahatından görünür ki, o, məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək 2-3 dəfəyə aliment borcunu tam bağlayacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Şəxs alimet ödənişi etmədiyi 1 il 5 ay müddətin müəyyən hissəsini işlədiyini və həmin müddətdə əldə etdiyi qazancı ailəsinin xərclərinə sərf etdiyini, həmin vəsaitin yalnız ailəsinin ehtiyaclarını qarşılamağa kifayət etdiyini, bir müddət isə işsiz olmasını bildirərək aliment borcunu ödəyə bilmədiyini göstərsə də, məhkəmə şəxsin əmək qabiliyyətli olduğunu, qazanc əldə etmək imkanlarının real olmasını qeyd edir və alimentin ödənilməməsi üçün göstərilən dəlilin şəxsin məhkəmə qətnaməsinin icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə onu da qeyd edir ki, Şəxs özü də məhkəmə iclasında ödəniş etmədiyi 01 il 05 ayın müəyyən hissəsini işlədiyini bildirməklə üzürlü səbəb olmadan icra sənədi üzrə müəyyən edilmiş məbləğləri ödəmədiyini etiraf etmiş olmuşdur. O, əldə etdiyi qazancın yalnız öz ailəsinə yetdiyini bildirsə də, icra sənədi üzrə müəyyən edilmiş məbləğin ödənilməli olduğu yetkinlik yaşına çatmayan X1 onun övladı olduğunu, uşağını saxlamağın onun valideyn kimi borcu və ən mühüm vəzifələrindən biri olduğunu unutmuşdur. Bununla yanaşı, iş materiallarında görünür ki, Şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman onun Vətən Müharibəsi iştirakçısı olması nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin olunmuş və bununla da onun azadlıqda qalmaqla alimenti və aliment borcunu ödəməsi üçün real imkanları olmuşdur. Buna baxmayaraq Şəxs ona edilmiş güzəştdən nəticə çıxarmamış və 2023-cü ilin may etibarən heç bir aliment ödənişi etməmişdir. Göründüyü kimi, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, X4 iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən, saat 15:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6972/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6972/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver