Məhkəmə qərarları › İş №3(008)-6994/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6994/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6994/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs X1 qanuni nümayəndəsi X2 Sabunçu rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı qərardan verdiyi şikayətə 16 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabunçu rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X4 həmin qərardan şikayət verərək Sabunçu rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 20:12 radələrində X3 onlara məxsus “Xaski” cinsli ev iti ilə gəzintidə olarkən Sabunçu Rayon Post Patrul Xidmətinin əməkdaşları tərəfindən itin buruntaqsız gəzdirilməsi səbəbilə saxlanılaraq xidməti avtomobildə 13-cü Polis Şöbəsinə aparılmış və Azərbycan Respublikası İXM-nin 290.1.4cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Şəxs polis əməkdaşlarına Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 nömrəli Qərarının 3.1.1-ci bəndində nəzərdə tutulan “iri cinsli olmayan itlərin kiçik cilovla gəzdirilməsinə icazə verilməsi” barədə qeydi izah etməyə çalışsa da, onlar buna məhəl qoymayaraq cərimənin ödənilməsini tələb etmişdirlər. Bununla yanaşı, inzibati xəta haqqında protokolu və ona əsasən tərtib olunan cərimə qərarını təqdim etməkdən imtina etmişdirlər. Polisin təkidinə əsasən cərimə qərarını ödəmişdir. Lakin, bu qərarı qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, 17 yaşlı yetkinlik yaşına çatmayan şəxsi nümayəndəsi olmadan polis bölməsinə aparılması qanunazidd olmaqla yanaşı, mənəvi, psixoloji təsirdir. Göstərilənlərə əsasən məhkəmədən Sabunçu Rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin nümayəndəsinə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X3 oğlu barəsində Sabunçu Rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 209.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə - iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 3.1.1-ci maddəsinə əsasən insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək hüququna malikdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 91.0.4-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verməlidir. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Sabunçu rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu Rayon 13-cü PŞ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsinə dair Sabunçu rayon 13-cü Polis Bölməsinin 17 sentyabr 2024-cü il tarixli, EPQ ******* saylı qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu rayon 13-cü PB-nə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar