Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərova Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi almazov Orxan Etibar oğlunun iştirakı ilə, Fiziki şəxs Sarıyev Mirzə Əsgər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Fiziki şəxs Sarıyev Mirzə Əsgər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 dekabr 2025-cü il tarixli, MN 1254694 saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sarıyev Mirzə Əsgər oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ünvanında yerləşən 16 dekabr 2024-cü il tarixdə saat 11:05-də “ALVİTO” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi Almazov Orxan Etibar oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Sarıyev Mirzə Əsgər oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati qaydada icraat aparılan Sarıyev Mirzə Əsgər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, dəfələrlə onunla telefon əlaqəsi saxlanılmasına baxmayaraq o, məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 16 dekabr 2024-cü il tarixli, MN 1254694 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sarıyev Mirzə Əsgər oğlu tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ünvanında yerləşən “ALVİTO” adlı obyektdə 16 dekabr 2024-cü il tarixdə, saat 11:05-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktının aşkar olunduğu qeyd olunmuşdur. “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” 25 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ünvanında yerləşən “ALVİTO” adlı obyektə məxsus müvafiq icazə olmadan açıq məkanda yerləşdirilmiş 04 ədəd reklam aşkar edilmişdir. 28 noyabr 2024-cü il tarixdə qəbul ediliş xəbərnamədən görünür ki, “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstəriş “ALVİTO” adlı obyektdə Şəlalə Sarıyeva tərəfindən 28 noyabr 2024-cü il tarixdə qəbul edilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda “ALVİTO” adlı obyektdə reklam yerləşdirilmişdir. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizədən görünür ki, Sabunçu rayonu, Sakit Qocayev küçəsi, ev 13 ünvanında “Alvito” adlı obyektdə reklam yerləşdirilməsi üçün müraciət Sarıyev Mirzə Əsgər oğlu tərəfindən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən Fiziki şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər Fiziki şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (Fiziki şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (Fiziki şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, Sarıyev Mirzə Əsgər oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsi, ev 13 ünvanında “Alvito” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, bununla da Sarıyev Mirzə Əsgər oğlu tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Sarıyev Mirzə Əsgər oğlunın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Fiziki şəxs Sarıyev Mirzə Əsgər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Fiziki şəxs Sarıyev Mirzə Əsgər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-7/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver