Məhkəmə qərarları › İş №3(008)-7053/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7053/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7053/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Samir Mirzəyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Samir Mirzəyev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 11 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 11 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:29 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq operatoru söyüb, təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, təxminən 3 ay bundan qabaq içkili vəziyyətdə DİN-nin 102 xidmətinə zəng edərək polis işçilərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır, polis işçilərinin çağırışı əsasında bugün polis şöbəsinə gəlmişdir, göstərilənlərə əsasən yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Samir Mirzəyev protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024cü il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Samir Mirzəyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Sabunçu RPİ-nin 14-cü PŞ-nin qərarı əsasında İXM-nin 510-cu maddəsinin tələbləri pozulmuşdur; Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Famil Camalov, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı S.İmranov tərəfindən tətib edilmiş 11 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, 11 oktyabr 2024-cü il tarixdə ərazidə xidmətdə olarkən Maştağa qəsəbəsi ərazisində 1 nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Özünü onlara Fərid kimi tanıdan şəxsdən şəxsiyyətini təsdiq edən hər hansı sənəd istədikdə, üzərində olmadığını bildirmiş və suallara yayındırıcı cavablar vermişdir. Həmin şəxsi 14-cü Polis Şöbəsinə dəvət edib gətirərək, raportla növbətçi hissəyə təhvil vermişdirlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan səs yazısı olan disk və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:29 radələrində 102 xidmətinə zəng edib nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 11 oktyabr 2024-cü il tarixdə protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «11» oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 11 oktyabr 2024-cü il tarixdə hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar