Məhkəmə qərarları › İş №3(008)-706/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-706/2022

22.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-706/2022 22.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən - Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PBnin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Naxçıvan şəhəri, S.Vurğun küçəsi, ve 50 qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Məmməd küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-dən daxil olmuş 22.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həkim müayinəsi zamanı narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirdi ki, 22.01.2022-ci il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Zabrat dairəsi yaxınlığında əməliyyat müvəkkili xidmət apararkən 2 nəfər şəxsin özünü şübhəli apardığını görüb, onlara yaxınlaşmış, şəxsiyyəti təsdiq edən sənəd üzərinlərində olmadığından Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət edilmişlər. Şəxsiyyəti müəyyən edilmiş Şəxs narkotik vasitədən istifadə etdiyini səmimi etiraf etmiş və bununla bağlı Azərbaycan Respublikası SN-nin Narkoloji Mərkəzinə tibbi müayinəyə aparılmış, müayinə zamanı onun sidiyində narkotik vasitə olan AMP(+) və MET(+) aşkar olunmuşdur. Bununla əlaqədar tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, narkotik vasitədən istifadə etdiyini etiraf edir. Narkotik maddənin daimi istifadəçisi deyil. Hazırda əməlindən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, odur ki, məhkəmədən barəsində həbslə əlaqəli olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 378 nömrəli akta əsasən, Şəxs sidiyində narkotik vasitə sayılan AMP(+) və MET(+) aşkar olunmuşdur. Şəxs 22.01.2022-ci il tarixdə inzibati qaydada tutulmuş, həmin tarixdə onun barəsində MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış sənədlər məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı barəsində inzibati protokol tərtib edilmiş şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilmir. Məhkəmə, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar