Məhkəmə qərarları › İş №3(008)-7067/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7067/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7067/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 AR ƏƏSMN yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X9 məhkəməyə müraciət edərək barəsində AR ƏƏSMN yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti guya "xxxx" MMC-nin direktoru X4 müvafiq şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi faktını müəyyən etmişdir. Buna əsaslanaraq da inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, bu məsələdən bir müddət öncə X14 Xidməti eyni qaydada eyni şəxslərin guya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilməsi faktını müəyyən etdiyinə görə hüquqi şəxs - "xxxx" MMC barəsində inzibati xəta haqqında protokollar qəbul etmişdir. İddia etdiyi faktı təsdiq edəcək sübutları olmadığı və protokollar düzgün tərtib olunmadığı üçün bir dəfə Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova, ikinci dəfə isə Anar Rzayev tərəfindən geri qaytarılmışdır. Halbuki onu da qeyd etmək lazımdır ki, xəta törədilsə belə, bir xətaya görə iki dəfə protokol tərtib edilə bilməz. Təkcə bu faktın mövcudluğu qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Bütün bunlara baxmayaraq, X14 Xidməti özbaşınalıqlara davam etmiş, hüquqi şəxs barəsində protokol tərtib edilməsinə nail ola bilmədiyi üçün, bu dəfə də vəzifəli şəxs barəsində mövcud olmayan eyni fakt üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki belə bir fakt mövcud deyildir və bunu Sabunçu Rayon Məhkəməsinin hakimləri iki dəfə təsdiq etmişdir. Bununla bağlı X14 Xidməti ilə telefon vasitəsilə əlaqə saxlayıb məsələni aydınlaşdırmaq istəyəndə bildiriblər ki, qurumun sistemində belə qərar görünmür və ola bilsin ki, səhvən sizə göndərilib. Bu cür cavab verdiklərinə görə daha məsələnin həll olunduğunu düşünmüşdür. Onlara ünvanladığı rəsmi məktuba isə cavab olaraq bildiriblər ki, müddəti ötürmüşdür. Bu isə ikiqat qanunsuzluq deməkdir. Birincisi ona görə ki, olmayan fakta görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. İkincisi isə vətəndaşa aşkar şəkildə bildirirlər ki, qurumun sistemində belə bir akt görünmür və səhv göndərilib, hansı ki həmin qurumun elektron sənəd altdövriyyəsi sistemi mövcuddur. Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC ilə onun rəhbərlik etdiyi şirkət "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır. "xxxx" MMC də həmin işlərin görülməsini öz briqadası olan, fərdi sahibkar olan X2 həvalə etmişdir. X1 hər hansı işçiləri əmək müqaviləsi əsasında yoxsa belə bir müqavilə olmadan işlərə cəlb edib-etməməsi barədə məlumatı olmamışdır. Müqavilə əsasında o işlərin görülməsi X2 həvalə edildiyindən onunla həmin işlərin görülməsi ilə bağlı işçiləri arasında yaranmış əmək münasibətlərdən irəli gələn məsələlərə görə o, məsuliyyət daşıya bilməz. Haqverdiyev Haqverdinin bildirdiyi şəxslərlə bağlı iş icazəsi alınması üçün müraciət etmişdir. Bununla bağlı müraciət edəndə də ondan hər hansı müqavilə tələb olunmamışdır. Həmin şəxslərin həqiqətən ora gedib getməmələri, işə cəlb olunub-olunmamaları barədə məlumatı yoxdur. O, portalda icazəsi alınan şəxslərlə əmək münasibətlərində olmamış, həmin şəxsləri ümumiyyətlə tanımır. Belə olan halda necə onları hər hansı işin görülməsinə, xidmətin göstərilməsinə cəlb edə bilər. Bundan başqa "xxxx" MMC barəsində inzibati xəta haqqında protokollar faktı təsdiq edəcək sübutları olmadığı və protokollar düzgün tərtib olunmadığı üçün bir dəfə Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova, ikinci dəfə isə Anar Rzayev tərəfindən geri qaytarılmışdır. Məhkəmədən barəsində AR ƏƏSMN yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin rəhbəri X9 tərəfindən işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X10, X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bu fakt DİN informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında öz təsdiqini tapmışdır. Belə ki, həmin məlumatlardan da görünür ki, icazə üçün müraciət edən müəssisə "xxxx" MMC olmuşdur. X6 və X7 61 günlük müddət üçün iş icazəsi alınmışdır. Bununla da, "xxxx" MMC-nin rəhbəri X9 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən 18 iyul 2024-cü il tarixdə barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. "xxxx" MMC-nin rəhbəri X4 şikayətində qeyd edtdiyi digər bir məsələyə, yəni hüquqi şəxsin barəsində tərtib olunmuş inzbati xəta haqqında protokolların məhkəmə tərəfindən geri qaytarılması ilə bağlı bildirmək istəyir ki, hüquqi şəxsin məsuliyyəti vəzifəli şəxsin qanuna zidd hərəkətlərindən doğduğundan hüquqi şəxsə münasibətdə məhkəmənin göstərdiyi mövqe vəzifəli şəxsin məsuliyyətinə təsir edə bilməz və mahiyyətinə üzrə baxılıb inzibati tənbeh tədbiri tətbiq edilməsi tamamilə qanunidir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş AR ƏƏSMN yanında X14 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. AR ƏƏSMN yanında X14 Xidmətinin rəis müavini X12 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 xx.xx.2024-cü ildən, X15 və X11 isə xx.xx.2024-cü ildən hazırki tarixədək "xxxx" MMC-nin rəhbəri X9 tərəfindən əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş podratçı "xxxx" MMC ilə subpodratçı X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsindən görünür ki, Subporatçı, Podratçının tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə podratçının təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq layihə çərçivəsində körpülərin, süni mühəndisi qurğuların və sair inşaat işlərinin tikintisi (bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədə göstərilən ) yerinə yetirməyi, başa çatdırmağı və Podratçıya tam hazır vəziyətdə təhvil verməyi (bundan sonra “İşlər'' adlandırılacaq). Podratçı isə Subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən müqavilədə göstərilən işlərin yerinə yetirilməsi, işlərdə aşkar edilmiş qüsurların və çatışmazlıqların aradan qaldırılması üçün bütün resursları, işçi qüvvəsini, alətləri və sairə ehtiyac və tələbatları öz hesabına vaxtlı-vaxtında təmin edir. İşlərin təhlükəsiz aparılmasına, işçilərin texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılmasına və işçilərin bu qaydalara riayət etmələrinə görə tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən kifayət qdəər sübutlar məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə ki, AR ƏƏSMN yanında X14 Xidmətinin qərar qəbul edərkən istinad etdiyi yeganə hal Daxili İşlər Nazirliyi tərəfindən əldə olmuş məlumatlardır. Məhkəmə hesab edir ki, bu "xxxx" MMC-nin rəhbəri X9 tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi barədə birmənalı və yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, X9 məhkəməyə subpodrat müqaviləsi təqdim edərək işlərin görülməsinin subpodratçıya həvalə olunduğunu, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən guya onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunan şəxsləri tanımadığını, onlarla əmək münasibətlərində olmadığını bildirmişdir. Həmin müqavilənin müvafiq bəndlərindən də görünür ki, subpodratçı ona həvalə olunmuş işlərin yerinə yetirilməsi üçün işçi qüvvəsinin cəlb olunmasını öz hesabına özü həyata keçirir, işçilərin texniki təhlükəsizlik qaydaları haqqında təlimatlandırılmasına və işçilərin bu qaydalara riayət etmələrinə görə məsuliyyəti özü daşıyır. Belə olan halda yalnız DİN məlumatı əsasında məhz X4 inzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilən şəxsləri işlərin görülməsinə cəlb edilməsi nəticəsinə gəlmək mümkün deyildir. Bundan başqa həmin şəxslərin həqiqətən işğaldan azad olunmuş bölgələrdə hər hansı işlərin görülməsinə və məhz hansı işlərin görülməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Hansı ki, bu hallar şəxsin AR İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə baxılanda müəyyən edilməli olan hallardır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X10, X15 və X11 müəyyən edilərək izahatları alınmamışdır. Onların məhz X9 tərəfindən işlərin görülməsinə, harada, hansı işlərin görülüməsinə cəlb olunubolunmamaları araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozularaq qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, AR ƏƏSMN yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR ƏƏSMN yanında X14 Xidmətinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR ƏƏSMN yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR ƏƏSMN yanında X14 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar