Məhkəmə qərarları › İş №3(008)-7072/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7072/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7072/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbə bağ evi, 3820A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 oktyabr 2024-cü il tarixli, MN 208546 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(008)-6048/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10000 manat məbləğində pulun tutularaq iddiaçılar X3 və X2 ödənilməsi qət edilmiş, lakin borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hazırki iş onun icraatına xx.xx.2022-ci il tarixdə daxil olub. İcraata başlamaq haqqında qərar tələbin könüllü icrası haqqında bildirişlə birlikdə 11 fevral 2022-ci il tarixdə barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. 2023-cü ilin iyul ayına kimi ödənişlər həyata keçirmişdir. 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayına qədər heç bir ödəniş həyata keçirməmiş, 2024-cü ilin iyul ayında 300 manat məbləğində ödəniş etməklə, ümumilikdə 2 il ərzində icra vərəqəsi üzrə cəmi 1900 manat məbləğində ödəniş həyata keçirmişdir. Tələbkarlarla Şəxs arasında borc məbləğinin hissəhissə ödənilməsi barədə razılıq olsa da, şəxs 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayına kimi keçən 1 il müddət ərzində heç bir ödəniş etmədiyinə görə hal-hazırda tələbkarlar ondan şikayətçidirlər. Məhkəmə iclasında verilmiş suala cavab olaraq icra məmuru Şəxs icra sənədi üzrə ödəniş edəcəyinə söz verdiyi üçün ona Dost Xidmətində işaxtaran kimi qeydiyyata düşə bilməsi barədə təklif olunmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında özünü təqsirli bilərək göstərmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Ev təmiri sahəsində çalışır, lakin hazırda maddi imkanı borcu tam ödəməyə imkan vermir. Hazırda başqa əmlakı və qazanc yeri yoxdur. Lakin bu həftə ərzində icra sənədi üzrə müəyyən məbləğdə ödəniş edəcəkdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(008)- 6048/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10000 manat məbləğində pul tutularaq iddiaçılar X3 və X2 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 02 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(008)-6048/2021- 009 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraat başlamaq haqqında qərar tələbin könüllü icrası barədə bildiriş ilə birlikdə borclu tərəfindən 11 fevral 2022-ci il tarixdə imzlanaraq qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 8(008)- 68/2023 saylı qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 27 fevral 2023-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 21 fevral 2023-cü il tarixli, BPM**********27 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin hesabına 1000 manat məbləğində ödəniş edilmişdir. 25 aprel 2023-cü il tarixli, BPM**********51 nömrəli və 25 iyul 2023-cü il tarixli BPM**********46 nömrəli ödəniş tapşırıqlarından görünür ki, Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin hesabına hər bir ödəniş tapşırığı üzrə 300 manat məbləğində ödəniş edilmişdir. 25 iyul 2023-cü il tarixli iltizamdan görünür ki, Şəxs Qiyamıddin oğlu borcu bitənə qədər hər ay 500 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. Şəxs icra şöbəsində verdiyi izahatından görünür ki, o, maddi vəziyyətinin çətin olması səbəbindən bir neçə aydır ki, ödəniş edə bilməmiş, ayın sonundan hissə-hissə ödəniş etməyə başlayacaqdır. Portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində 01 yanvar 2009-cu il təvəllüdlü (X5) və 03 iyul 2014-cü il təvəllüdlü (X6) uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının icrasız qalmasının üzrlü halı kimi qiymətləndirilməsinin mümkün olmadığını qeyd edir. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Bununla yanaşı, məhkəmə iclasında Şəxs şərait yaradılaraq bu gün iş gününün sonunadək zərərçəkmiş müəyyən məbləğdə ödəniş etməsi təklif olunsa da, o, ödəniş edə bilməyəcəyini bildirmişdir. Göstərilən hallar onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən sonra 1 il müddətində ümumiyyətlə heç bir ödəniş etməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı övladlarının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar