Məhkəmə qərarları › İş №3(008)-7092/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7092/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7092/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, X4 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(008)-3102/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(008)-3102/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 20000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Şəxs 2019cu ildən tələbin könüllü icrası barədə bildirişi alsa da, bu günədək heç bir ödəniş etməmişdir. O, dəfələrlə icra şöbəsinə dəvət edilsə də, icra şöbəsinə gəlməmiş və nəticədə axtarış barədə qərar qəbul edilmiş, həmin qərar əsasında bu gün ira şöbəsinə gətirilmişdir. O, icra sənədinin icrasından heç bir üzürlü səbəb göstərmədən yayınır. Onun yeganə arqumenti borc məbləğinin 20000 manat deyil, 11000 manat olmasıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğlə razı olmadığından borc məbləğini bu günədək ödəməmişdir. Bundan sonra isə yalnız hissəhissə olmaqla borcu ödəyə bilər. Onun zərərçəkmiş şəxsə borcu 20000 deyil, 11000 manat olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şəxs fərdi əməklə məşğul olaraq fəhlə işlədiyini, hər ay hissə-hissə 250-300 manat ödəniş edə biləcəyini, borc məbləğinitam olaraq 4-5 ilə ödəyə biləcəyini, bu günədək borc məbləği ilə razı olmadığından heç bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, icra vərəqəsi üzrə müəyyən edilmiş borcun tam şəkildə ödənilməsini tələb edir. İcra vərəqəsinin verilməsindən uzun illər keçməsinə baxmayaraq ona bu günədək hər hansı ödəniş edilməmiş, onunla razılığa gəlinməsi istiqamətində Şəxs tərəfindən hər hansı addım atılmamışdır. Bu səbəbdən onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(008)-3102/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(008)-3102/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 20000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. “İcraata başlama haqqında” 20 avqust 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(008)-3102/2019 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş 20 sentyabr 2019-cu il tarixdə Şəxs tərəfindən rəsmi qaydada alınmışdır. 19 iyul 2023-ci il tarixli “Borclunun axtarışı haqqında” qərarla borclu Şəxs barəsində axtarış elan edilmiş və borclunun axtarılması barədə məlumat Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Şəxs 27 noyabr 2023-cü il tarixli icra şöbəsində verilmiş izahatından görünür ki, o, işləmədiyini və bu günədək borc məbləğindən heç bir ödəniş etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs icra şöbəsindı verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Bununla yanaşı, məhkəmə iclasında Şəxs fərdi əmık fəaliyyəti məşğul olaraq fəhlə kimi işlədiyini bildirmişdir ki, bu da onun icra şöbəsində işləməməsinə dair irəli sürdüyü dəlilin həqiqəti əks etdirməməsinə dəlalət edir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında məhkəmə qətnaməsi ilə razı olmadığını, onun zərərçəkmiş şəxsə borcunun 20000 manat deyil, 11000 manat olduğunu, bu səbəbdən də bu günədək borcu ödəmədiyini bildirsə də, məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası məcburidir və şəxsin həmin qətnamə ilə razılaşmaması müvafiq qaydada həmin məhkəmə aktının mübahisələndirilməsi üçün əsas olmaqla qanuni qüvvəyə mindikdən sonra həmin qətnamənin icra edilməməsi üçün əsas ola bilməz. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs zərərçəkmiş şəxsə olan borcunun 11000 olduğunu iddia etməsnə, fərdi əməklə məşğul olaraq qazanc əldə etməsinə baxmayaraq ötən illər ərzində məhkəmə qətnaməsinin qismən də olsa icra olunmasına cəhd etməmiş və bu günədək zərərçəkmiş şəxsə hər hansı məbləğdə ödəniş etməmişdir ki, bu da Şəxs məhkəmə qətnaməsi ilə razılaşmamasına istinad edərək borcu ödəməməsinə dair irəli sürdüyü dəlilininin sadəcə özünə haqq qazandırmasına xidmət edən dəlil kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün ona vaxt verilməsini xahiş etsə də, Dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri və özünün müəyyən etdiyi məbləği ödəməsi ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə hazırda məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin zərərin hissə-hissə ödənilməsi ilə razılaşmadığını, barəsində inzibati qaydada icraat aparılan şəxsin ötən illər ərzində heç bir ödəniş etmədiyini, onun zərərçəkmiş şəxsin mənafeyinə və məhkəmə aktına laqeyd münasibətini də nəzərə alır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 14:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar