Məhkəmə qərarları › İş №3(008)-7106/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7106/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7106/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24121241 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 12 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24121241 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11 oktyabr 2024-cü il tarixdə Bakı şəhər Baş X7 İdarəsi tərəfindən yazılan EQ 24121241 nömrəli protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə cərimə olunmuşdur. Lakin göndərilən şəkillərdə tarixlər fərqli olduğu göstərilir və avtomobilin dövlət qeydiyyat nömrəsi aydın şəkildə görünmür. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı göstərilən şəkildə ərazi və tarix göstərilmir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək 12 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24121241 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2024cü il tarixli, EQ seriyalı 24121241 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 həmin tarixdə “NİSSAN NOTE” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1.5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24121241 saylı inzibati xəta haqqında qərarına əsasən X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək 12 oktyabr 2024-cü il tarixli EQ seriyalı 24121241 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş fotoşəkillərə baxış zamanı “NİSSAN NOTE” minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24121241 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24121241 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar