Məhkəmə qərarları › İş №3(008)-7113/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7113/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7113/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə gəlinləri Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mübahisə zamanı qeyri-etik ifadələrlə təhqir etmişdir. Bununla da o, AR İXM-in 510-cu maddəsində nəzərdə tutulan inziabti xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin ailəsi münaqişəli ailə qismində Polis Şöbəsində qeydiyyatdadır və demək olar ki, hər gün ailədən Polis Şöbəsinə şikayət daxil olur. Hal-hazırda da tərəflərin barışması istiqamətində addımlar atılsa da, buna nail ola bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü o, anasına dərman gətirməsi üçün ata evlərinə gəlmiş, gəlinləri Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Lakin bu mübahisə əsnasında o, Zərərçəkmiş şəxs itələməmiş, ona cırmaq atmamışdır. Sadəcə Zərərçəkmiş şəxs onun ünvanına işlətdiyi qeyri-etik ifadələrə qarşılıq olaraq o da həmin ifadələri gəlinlərinə qarşı səsləndirmişdir. Aralarında yalnız sözlü mübahisə yaşanmışdır. Zərərçəkmiş şəxs onu elə bir hala gətirməmişdir ki, o da özündən çıxıb gəlinlərini vursun. Sadəcə münaqişə zamanı əli ilə Zərərçəkmiş şəxs kənara çəkməsi halı ola bilər, lakin bunu tam xatırlamır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, bu, onunla baldızı arasında olan ilk münaqişə deyil. Dəfələrlə belə hallar yaşanmışdır. Lakin ilk dəfə idi ki, Şəxs ona əl qaldırırdı. Bu səbəbdən də 102 xidmətinə şikayət etmişdir. Hadisə günü Şəxs onun sinəsindən tutmuş, itələmiş, cırmaq atmış və vurduqdan sonra onun kürəyi dəmir qapıya dəymişdir. Bu zaman hətta onun əynində olan jaketi də cırılmışdır. Onun uşaqları analarının bibiləri tərəfindən vurulmasının şahidi olmuşlar. Böyük oğlu bu mübahisənin dayandırılmasını istəsə də, bibisi uşağın belə sözünə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Hal-hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 2552 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin və sol kürək nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə gəlinləri Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mübahisə zamanı qeyri-etik ifadələrlə təhqir etmişdir. İnzibati qaydada tutma haqqında 20 oktyabr 2024-cü il tarixli, AZA 018178 nömrəli protokoldan görünür ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə saat 22:00-da tutulmuşdur. Şəxs 09 oktyabr 2024-cü il tarixli izahatından görünür ki, o, özünü təqsirli bilməmiş və Zərərçəkmiş şəxs aralarında yalnız söz mübahisəsinin olduğunu və bir-birilərinə qarşı nalayiq ifadələr işlətdikıərini, lakin Zərərçəkmiş şəxs vurmadığını bildirmişdir. Şəxs təqsirləndirildiyi AR İXM-nin 510-cu maddəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs Zərərçəkmiş şəxs mübahisə zamanı qeyrietik ifadələrlə təhqir etməsi qeyd olunsa da, inzibati xəta haqqında protokola Şəxs ictimai qaydanı pozmasının təsdiq edən hər hansı sübut əlavə edilməmiş, əksinə onun Zərərçəkmiş şəxs ilə ailəməişət zəminində zərərçəkmiş şəxsin yaşadığı evin daxilində öz ailə-üzvlərinin yanında mübahisə etmələri, hər ikisinin biri-birinə qarşı nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir ki, göstərilən bu hallar şəxsin əməlində AR CM-nin 510-cu maddəsinin tərkibinin olmasını, o cümlədən, həmin maddənin tərkibinin yaranmasının mühüm şərti olan ictimai qaydanın pozulmasını istisna edir. Məhkəmə qeyd edir ki, AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin həm iş materiallarında olan, həm də məhkəmə iclasında verdiyi izahatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin ekspertizasının 10 oktyabr 2024-cü il tarixli, 2552 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında verilimiş suala cavab olaraq zərərçəkmiş şəxsi ola bilər ki, əli ilə itələyərək qapının yanından kənarlaşdırdığını bildirmiş, təhqiqat araşdırması zamanı da verdiyi izahatında Zərərçəkmiş şəxs onun üzərinə gələn zaman onu əli ilə kənarlaşdıraraq otağa daxil olduğunu etiraf etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin öz izahatlarında Şəxs onu tutaraq itələdiyini və itələməsi nəticəsində kürəyinin qapıya dəydiyini bildirməsini, məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs məhz döş qəfəsinin və sol kürək nahiyəsinin qançırları kimi dərəcələri təyin edilməyən xəsarətlərin aşkar olunmasını, bununla da verilmiş rəylə onun izahatında göstərilən mexanizmə uyğun müvafiq xəsarətləri almasının real olmasının müəyyən edildiyini, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün də ilkin və məhkəmə iclasında verdiyi izahatlarında zərərçəkmişi əli ilə kənarlaşdırmaq üçün itələməsinin mümkün olduğunu, lakin hazırda xatırlamamasını bildirməsini nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmaqla sübuta yetirilmiş, onun həmin maddə ilə inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında azad edilməlidir. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar