Məhkəmə qərarları › İş №3(008)-7119/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7119/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7119/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızı katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Krasnoyarsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 22 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(008)-846/2023 saylı icra sənədinə əsasən borclu Şəxs icra vərəqəsindəki tələbi yerinə yetirməkdən boyun qaçırmış və icra məmurlarına qarşı kobud hərəkət etmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(008)-846/2023 saylı icra sənədinə əsasən iddiaçı X4 ünvan 2ndə yerləşən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. X1 adına üç ev vardır. Qərəzli olaraq bu evə köçmək istəyir. Niyyəti evə köçməklə onlara şər-böhtan atmaqdır. Əvvələr hər iksinin bir-birilərinə qarşı mühafizə orderləri olmuşdur. Mərziyyə Mahmudova digər məhkəmənin qətnaməsinə əsasən onlara 100000 manatdan artıq məbləğdə borcu vardır. Həmi borcun əvəzləşməsi olaraq mənzilə köçməsi ilə bağlı əvəzləşmə etmə barədə danışıqlar aparılır, Hazırda vəkili Bakıda olmadığından bu proseslər baş tutmamışdır, Mərziyyə Mahmudovanın mənzilə köçürülməsi ilə bağlı anidən icra məmurları gəlmiş, o həmin sözləri icra məmurlarına da bildirərək sadəcə ona 10 gün müddətinə möhlət verilməsini xahiş etmişdir. Həmin mənzildə atası və qardaşı yaşadığı üçün mənzilə köçürüləcək şəxsin onlarla arasında dəfələrlə problemlər yaşanmış, polisdə işləri olmuşdur, hazırdada bununla bağlı problem yaşanacağından qorxmuşdur. İcra məmurlarına qarşı heç bir kobudluq etməmiş, sadəcə vaxt istəmişdir, odur ki, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(008)- 846/2023 saylı icra sənədinə əsasən iddiaçı X4 ünvan 2 ünvanında (özbaşına tikili olduğundan, ünvan şərtidir) inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur; icraata başlamaq haqqında 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında 10 sentyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(008)- 846/2023 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında 10 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs 11 oktyabr 2024-cü il tarixdə bildirişi və qərarın surətini qəbul etmişdir; 22 oktyabr 2024-cü il tarixli Aktdan görünür ki, Sabunşu Rayon İcra Şöbəsinin icra məmuru Firdovsi Vəliyev, böyük icra məmuru Amil Əmirov, icra məmuru Rəşad Mustafayev, icra məmuru Səbirə Məmmədova, 15-ci Polis Şöbəsinin sahə inspektoru Vüsal Şirinov, tələbkar X5, hal şahidi Alim Zeynalovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(008)- 846/2023 saylı qərarına əsasən X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmış və qərarın icrası məqsədilə qərarda göstərilən ünvana gəlmişdirlər. Ünvanda olduqları zaman cavabdeh Şəxs onları evin çöl qapısında qarşılamış və onlara evə keçməyə icazə verməyərək qərarı icra etməmişdir. Kobud, nalayiq ifadələr işlədərək icraya və icraçılara maneçilik törədərək səs küy salırdı. Rəşad Mustafayev divarı aşaraq həyətə daxil olmuş və darvaza qapısını açaraq icra məmurları və polis əməkdaşları giriş qapısından içəri keçmişdirlər. Cavabdeh evdə olan şəxslərə zəng vurub, qapını açmamağı tapşırmışdır. Həmin vaxt içəridə olan şəxslər qapını içəridən bağlamışdır. Cavabdeh icraya maneçilik törətdiyindən 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Şöbəyə aparılmışdır. Tələbkar icra məmurlarına narazılıq bildirərək, onlara icazə verməkdənsə evin şüşələrini sındırmışdır. Bu səbəbdən qərarın icrasını yerinə yetirmək mümkün olmamışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Şəxs bildirmişdir ki, həmin mənzildə atası və qardaşı yaşadığı üçün mənzilə köçürüləcək şəxsin onlarla arasında dəfələrlə problemlər yaşanmış, polisdə işləri olmuşdur, hazırdada bununla bağlı problem yaşanacağından qorxmuşdur. Sadəcə qısa müddət icra ilə bağlı vaxt istəmişdir. Belə ki, tərəflər arasında çoxsaylı məhkəmə çəkişməsi mövcud olmuş, qarşılıqlı tələblərin icrası ilə bağlı tərəflərin razılığa gəlməsi ilə bağlı vəkil məşğul olduğundan, hazırda Bakı şəhərində olmadığından Şəxs qısa müddətli möhlət istəmişdir.Qərəzli olaraq icra məmurunun tələblərinin icra edilməməsi ilə bağlı hər hansı hal məhkəmə iclasında müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin qərəzli olaraq yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar