Məhkəmə qərarları › İş №3(008)-7120/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7120/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7120/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu, Şağlaser Ərazi Dairəsi, Şağlaser kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan, Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 22 oktyabr 2024-cü tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Məhərrəmli (Dadaşzadə) X7 Rayon Məhkəməsinin 2(049)-93/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X5 atası X8 ilə görüşünə şərait yaratmayaraq icra sənədini icra etməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, uşağı ilə görüşmək üçün icra məmuru hər cür şərait yaratmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uşağı razılaşdıqları vaxtda icra şöbəsinə görüşə gətirəcəyinə söz verməsinə bamayaraq bunu etməmişdir. Uşaq ilə evdə görüşə biləcəyini qeyd etmişdir. O, isə ailələr arasında narazılıq olduğu üçün onların evində görüşmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızı izahat verərək bildirmişdir ki, məhkəmə qərarının icrasından yayınmamışdır. Uşaq ilə görüş əvvəllər baş tutmamışdır. Çünki uşaq özü atası ilə görüşmək istəməmişdir. Zərərçəkmiş şəxs uşağı ondan ayıraraq 5 ay aparıb özü ilə saxlamışdır. Ona görə uşaq qorxmuş və atası ilə görüşmək istəməmişdir. Daha sonra psixoloqun iştirakı ilə görüş təyin olunmuşdur. Psixoloq tərəfindən uşağın psixloloji terapiya alması tövsiyə olunmuşdur. Terapiyadan sonra görüş baş tutmuşdur. Onlar şənbə günü uşağın icra şöbəsində icra məmurunun iştirakı ilə atası ilə görüşməsi barədə razılığa gəlmişlər. Sadəcə şənbə günü saat 16:00-a kimi uşaq repititor yanında olduğu üçün o, uşağı icra şöbəsinə gətirə bilməmişdir. Uşağın atasına saat 16:00-dan sonra uşaqla gəlib evdə görüşə biləcəyini bildirmişdir. Lakin o, gəlməmişdir. Bu hal cəmi bir dəfə baş vermişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-93/2024 nömrəli, xx.xx.2024cü tarixli icra vərəqəsindən görünür ki, X4 övladı xx.xx.2018-ci il tarxdə doğulmuş X10 ilə hər həftənin şənbə və bazar günü, Ramazan, Qurban, Novruz bayramlarının ikinci günü, habelə uşağın doğum günüdə saat 10:00-dan 17:-00-dək anası X6 iştirakl ilə Lənkəran rayonu və Bakı şəhəri, Sabunçu rayonu ərazisində ünsiyyətdə olma hüququnun təmin edilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və qərarda X2 dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbilərinin görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aktlardan görünür ki, bir neçə dəfə Sabunçu Rayon İcra X1 atası X8 ilə görüşü təşkil edilmiş, lakin uşaq atası ilə görüşməkdən imtina etdiyi üçün görüş baş tutmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli psixoloji rəydən görünür ki, X5 psixoloji terapiya alması tövsiyə olunmuşdur. Terapiyanın məqsədi onu narahat edən psixoloji çətinlikləri aradan qaldırmaq, güvənli bağlamanı təmin etməkdir. Qeyd edək ki, edilən müraciət əsasında Mərkəz olaraq lazımi dəstək göstərilməsi nəzərdə tutulur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli psixoloji rəydən görünür ki, X10 ilə terapiyaya başlanılmış və xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixlər arasında psixoloq yanında terapiya keçmişdir. Keçirilən seansların nəticəsində pasiyentdə özgüvən hissi artmış, həyəcan və təşviş pozuntuları azalmış, ünsiyyət və sosiallaşmasında olan narahatlıqlar aradan qalxmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2018-ci ildə doğulmuş X5 Sabunçu Rayon İcra Şöbəsində atası X8 ilə görüşü baş tutmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə təyin olunmuş (SRİŞ)-də uşaqla ünsiyyət zamanı uşaqla ünsiyyət hüququnun harada keçirilməsinə dair tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar tərəflər xx.xx.2024-cü il tarixdə saat 10:00-da Sabunçu Rayon İcra Şöbəsində uşaqla ünsiyyətin baş tutması barədə razılığa gəlsələr də, iş üzrə borclu Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızı uşağı repititor yanına apardığı üçün gətirməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızı tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdən icra sənədi üzrə icraat başlanılmış, həmin vaxtdan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəmə qərarının icrasından yayınma halı müşahidə olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş aktlardan da görünür ki, uşaq anası tərəfindən Sabunçu Rayon İcra Şöbəsinə gətirilmiş, lakin uşaq özü ata ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. Daha sonra psixoloqun iştirakı ilə görüş təşkil olunmuşdur. Psixoloq uşağın terapiya almasını tövsiyə etmişdir. Bu tövsiyəyə uyğun olaraq uşağın psixoloji terapiya keçməsi təmin olunmuş və nəticədə ünsiyyətlə bağlı olan narahatlıqlar aradan qalxmışdır. Daha sonra Sabunçu Rayon İcra şöbəsində uşağın atası ilə görüşü baş tutmuşdur. Bir dəfə görüşün baş tutmamasının səbəbi isə uşağın təhsili ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının əməlində qərəzli olaraq məhkəmə qərarının icrasından yayınma halının olmadığı nəticəsinə gəlir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının əməlində qeyd olunan hallar müəyyən olunmadığından Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhərrəmli (Dadaşzadə) Zeynəb Uzeyir qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar