Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7150/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Böyük Qarakilsə ərazisində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Xocavənd rayonu, Xətai kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 24 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(008)- 5922/2018 saylı icra vərəqəsinə görə Şəxs 06 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək barəsində inzibati iş üzrə icraat aparılan şəxsin hazırda 1570 manat aliment borcunun olduğunu qeyd edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, özünü AR İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli hesab edir. Halhazırda rəngsaz işləyir və o, maddi imkanının çatdığı məbləğdə zərərçəkmiş şəxsə aliment üzrə ödənişlər etmişdir. Şəxsi problemləri olduğu üçün bəzi aylar ödəniş edə bilməmişdir. Bugün 200 manat məbləğində ödəniş etmişdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs 2022-ci ildən yığılmış aliment borcu vardır. Şəxsi problemlərini bəhanə edərək ödəniş etmir. 2024-cü ilin iyul ayında ümumilikdə 500 manat, avqust ayında isə 50 manat ödəmişdir. Sentyabr ayında isə heç bir ödəniş etməmişdir. Ümumiyyətlə ödənişlər mütəmadi, aylıq olaraq həyata keçirilmir. Aliment vaxtında ödənilmədiyi üçün o, uşağa baxmaqda çətinlik çəkir, uşağın məktəb və geyim ehtiyaclarını qarşılaya bilmir. Xahiş edir ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülsün. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(008)- 5922/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs 06 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 01 noyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(008)-5922/2018- 004 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. 15 fevral 2019-cu il və 25 avqust 2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Sabunçu Rayon İcra Şöbəsinin 23 yanvar 2024-cü il tarixli Aktından görünür ki, icra məmurları və hal şahidləri icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun icra sənədində göstərilən ünvanına baş çəkmiş, lakin Şəxs həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. “Borclunun axtarışı haqqında” 16 may 2023-cü il və 22 avqust 2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən 25 avqust 2023-cü il tarixdə verdiyi ərizəsindən görünür ki, o, indiyədək Şəxs 7746 manat aliment ödənişi qəbul etmişdir. Həmin tarixə isə borclunun 1186 manat aliment borcu vardır. Borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair toplanmış materialların AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş edir. Şəxs 14 oktyabr 2021-ci il tarixli izahatından görünür ki, o, icra sənədinin icrasından xəbərdardır, işsiz və xəstə olduğu üçün alimenti ödəyə bilməmişdir. Bu günədək 4000 manata yaxın ödəniş edib. 4 ay ərzində aliment borcunu tam ödəyəcəkdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 3(008)- 3660/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 09 iyul 2024-cü il tarixdə 60 manat, 14 iyul 2024-cü il tarixdə 140 manat, 19 iyul 2024-cü il tarixdə 100 manat, 23 iyul 2024-cü il tarixdə 200 manat, 09 avqust 2024cü il tarixdə 50 manat və 24 oktyabr 2024-cü il tarixdə 200 manat məbləğində aliment üzrə ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən il ərzində eyni icra sənədinə münasibətdə təkrarən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs rəngsaz işlədiyini, mütəmadi olmasa da, aliment ödənişlərini ödədiyini, şəxsi problemləri səbəbindən mütəmadi ödənişlər həyata keçirə bilmədiyini qeyd etsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Belə ki, dövlət adından çıxarılmış məhkəmə aktının borclu tərəfindən özünün mülahizəsinə əsasən müəyyən etdiyi vaxtda və formada icra etməsi yolverilməz olmaqla məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş qaydada icra edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7150/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7150/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver