Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7170/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № 3-13-16/1-S-1545xx/xx/2024 nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-13-16/1-S-1545xx/xx/2024 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə «CHEVROLET» minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilimlə Lerik rayonu istiqamətində olarkən saat 16:30 radələrində Salyan YPX postunda polisin "saxla" əmrinə tabe olaraq sənədlərini təqdim etmişdir. Heç bir nöqsan aşkar olunmadığı üçün yoluma davam eləmişdir. Göytəpə YPX postunda yenə də polisin "saxla" əmrinə tabe olaraq sənədlərini təqdim etmişdir. Heç bir nöqsan aşkar olunmadığı üçün yoluna davam eləmişdir.Saat 17:30 radələrində Lerik rayonu, NUR şadlıq sarayının qarşısında yerləşən avtodayanacaqda avtomobilini park edib toya getmişdir.Saat 21:40 radələrində toydan çıxmış və təxminən 30 dəqiqədən sonra elektron qərarla dayanma və ya durma qaydalarını pozmağa görə 400 manat cərimə olunduğunu bildmişdir. Ələt-Astara yolunda müəyyən edilmiş 50 km/saat hərəkət sürətini 57 km/saat ilə keçməyinə baxmayaraq, ərazidə guya hərəkət sürətinin 40 km/saat müəyyən edilmiş yol nişanı olduğuna görə əlavə 400 manat cərimə olunduğunu bilmişdir. xx.xx.2024-cü ildə «CHEVROLET» minik markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etdiyi zaman yol hərəkəti qayda pozuntuları törədilməsinə görə xüsusi texniki vasitələrlə barəsində çıxarılmış EQ/ 23642828 və EQ/23648621 № li Qərarlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə şikayət etmiş və araşdırma zamanı məlum olub ki, guya nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Qeyd etmək istəyir ki, ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhdudlaşdırılmam barədə heç bir elektron qərar və yaxud məhkəmə qərarı təqdim olunmamışdır. Xüsusilə qeyd edirəm ki, belə olduğu halda Salyan YPX postunda və Göytəpə YPX postunda nəqliyyat vasitəsini idarə etmək hüququndan məhdudlaşdırılması barədə qərar nə üçün aşkar olunmayıb və nə üçün ona avtomobili idarə etməyə icazə verilib?! Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-10 (on) manat məbləğində cərimə nəzərdə tutulduğu halda nə üçün ondan 400 (dörd yüz) manat cərimə istənilir? AR İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - 200 (iki yüz) manat məbləğində cərimə nəzərdə tutulduğu halda nə üçün ondan 400 (dörd yüz) manat cərimə istənilir? Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - 20 (iyirmi) manat məbləğində cərimə nəzərdə tutulduğu halda nə üçün ondan 400 (dörd yüz) manat cərimə istənilir? xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-ndə EQ/ 23642828 və EQ/23648621 № li Qərarların qəbul olunmasına əsas olmuş sübutları, xətaların qeydə alındığı ərazinin foto-video görüntüsünü ona nümayiş edilməsini xahiş etmiş, lakin foto-video görüntü ona göstərilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin rəis müavini X3, Mərkəzi məlumat xidmətinin inspektoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/1-S-1545xx/xx/2024 № li qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlarla razı deyil. Belə ki, xx.xx.2024-cü il tarixdə Lerik rayonu istiqamətində hərəkətdə olarkən iki dəfə YPX postunda saxlanılmışdır. Lakin onu saxlayan zaman heç kim onun nəqliyyat vasitəsini idarə etmə hüququnun olmamasnı bildirərək onu nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmamışdır. Rayondan qayıdarkən avtomobili dostu idarə etdiyi halda onun barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Onun nəqliyyat vasitəsini ifarə etmə hüququnun məhdudlaşdırılmasından məlumatlı olmamışdır. DİN Baş Dövlət Yol Polis İdarəsinə qeyd edilən qərarlardan şikayət versə də sonuncu tərəfindən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3- 13-16/1-S-1545xx/xx/2024 № li qərar ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EQ seriyalı 23642828 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixində saat 17:10-da “Chevrolet orlando minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən durma qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXMnin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-400 manat məbləğində cərimə edilir. xx.xx.2024-cü il tarixli EQ seriyalı 23648621 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixində saat 22:15-də “Chevrolet orlando minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-ci maddələrində nəzərdə tutulmuş xətaları törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticələrinə dair DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli № 3-13- 16/1-S-1545xx/xx/2024 nömrəli qərardan görünür ki, vətəndaş E.Salmanov barəsində çıxarılmış EQ/23648621, EQ/23642828 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli EQ seriyalı 23642828 saylı inzibati tənbeh vermə haqqında qərarla X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda xx.xx.2024-cü il tarixdə saat 17:10-da “Chevrolet orlando minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək durma qaydasını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 332.3 və 346.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli EQ seriyalı 23648621 saylı inzibati tənbeh vermə haqqında qərarla X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda xx.xx.2024-cü il tarixdə saat 22:15-də “Chevrolet orlando minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığı üçün Azərbaycan Respublikası İXM-nin 328.1-və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edilən qərarlardan şikayət verilsə də DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən şikayət təmin edilməmiş və qərarlar qüvvəsində saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, şəxsin nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasını və bu barədə şəxsin məlumatlı olmasını, inzibati xəta törədilməsi iddia olunan tarixdə dayanma, durma qaydalarının pozulmasını, yolda müəyyən edilmiş hərəkət sürətini aşmasını təsdiq edən sübuta qərarda istinad olunmadığından və məhkəməyə təqdim edilmədiyindən şikayət əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 23648621 saylı, EQ seriyalı 23642828 saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə baxılaraq qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.1, 332.3, 346.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, № 3-13-16/1-S- 1545xx/xx/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 23648621 saylı və EQ seriyalı 23642828 saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə baxılaraq DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7170/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7170/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver