Məhkəmə qərarları › İş №3(008)-7176/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7176/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7176/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri X4 və onun müdafiəçisi X1 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 342 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat və 96 (doxsan altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti alınaraq X2 xeyrinə ödənilməlidir. Lakin "xxxx" MMC-nin rəhbəri dəfələrlə xəbərdar olunmasına baxmayaraq ödəniş etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri X7 izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-342 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat və 96 (doxsan altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul X2 xeyrinə ödənilməlidir. Lakin onun bu qətnamədən məlumatı olmamış, 27 noyabr 2023-cü il tarixdə icra məmuru onu çağırarkən məlumatlı olmuşdur, buna görə qətnaməni qəbzlə məhkəmədən götürərək apellyasiya şikayəti vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin rəhbəri X4 müdafiəçisi X3 izhatında qətnamədən apellyasiya şikayəti verdiklərini, bununla bağlı apellyasiya şikayətini təqdim etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-342 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən X2 xeyrinə icra edilməyən işlərə görə 2827 manat, dəymiş ziyana görə 4800 manat olmaqla, cəmi 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96,27 (doxsan altı manat, iyirmi yeddi qəpik) manat hissəsi tutulmalıdır. icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, 2(008)-342 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində axtarış elan edilmişdir. X4 izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış, ona məcburi icra tədbirləri tətbiq olunacağı, inzibati məsuliyyətə cəlb olunacağı izah edilmişdir. xx.xx.2023-cü il tarixli apellyasiya şikayətindən görünür ki, Şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-342/2023 saylı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC-nin rəhbəri tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri X5 tələbin könüllü icrası ilə bağlı bildiriş xx.xx.2023-cü ildə təqdim edilmiş, həmin günü tələbin icraya yönəlməsi ilə bağlı məlumatı olmuş, icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. O, barəsində çıxarılmış qətnamədən məlumatsız olmuş, buna görə də həmin qətnaməni mübahisələndirərək apellyasiya şikayəti vermişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan "xxxx" MMC-nin vəzifəli şəxsi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin vəzifəli şəxsi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar