Məhkəmə qərarları › İş №3(008)-7178/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7178/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7178/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X8 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Amil Əmirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Hazırda 1000 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Amil Əmirovun tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq icra məmuru Amil Əmirov göstərmişdir ki, Şəxs ünvanını dəyişdiyi üçün tələbin könüllü icrası barədə bildirişi almamış, bugün ona təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan və həyat yoldaşı X1 iddiaçı X3 vurduqları mənəvi ziyana görə 1000 (min) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (yüz otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutulması qərarı alınmışdır. Çıxarılan qərarın icra şöbəsinə verilməsi ilə barədə heç bir məlumatı olmamış və icraya yönəldilməsi ilə bağlı bildirişi almamışdır. Çünki qeydiyyat ünvanında yaşamamışlar. xx.xx.2024-cü il tarixdə yaşadıqları Balaxanı qəsəbəsinə icra məmuru gələrək onları şöbəyə dəvət etmiş və ödəniş barədə məlumat vermişdir. Həyatyoldaşı şəkər, özü isə ürək, şəkər xəstəsi və 2-ci qrup əlil olduğu, həm də işləmədiyi üçün ödəyə bilməmişdir. Borcunun ödənilməsindən boyun qaçırmır, yaxın günlərdə hissə-hissə ödəyəcəkdir, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X4 və Şəxs iddiaçı X2 xeyrinə vurduqları mənəvi ziyana görə 1000 (min) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (yüz otuz) manat tutulması qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tələbin könüllü icrası barədə bildirişi bugün, yəni xx.xx.2024-cü il tarixdə almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində hazırda tərtib edilmiş inzibati xəta haqqında protokol onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından yayınması ilə bağlı tərtib edilmişdir. Sözügedən icra sənədinin icrası barədə bildirişi Şəxs almasını təsdiq edən hər hansı sənəd iş materiallarında olmamışdır. Eyni zamandan Şəxs izahatından da görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı onun izahatı xx.xx.2024-cü il tarixdə alınmışdır. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, bildiriş ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Belə olan halda Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınması, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırması halı istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar