Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7181/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunmuş 03 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli 86658 saylı monitorinq aktından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC monitorinq keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində fəaliyyət göstərən asfalt istehsalı müəsissəsində atmosfer havasına atılan toz hissəciklərinin miqdarı 0,881 mq/m3 (norma 0,5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə: ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri; ətraf mühitdə zərərli maddələrin konsentrasiyasının yol verilə bilən qatılıq həddi; mühafizə, sanitariya-mühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ətraf mühitin başqa keyfiyyət normativlərini də nəzərdə tuta bilər. Çirklənmənin göstəriciləri normativ sənədlərdə göstərilməlidir. Həmin Qanunun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Həmin Qanunun 71-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar və səyyar mənbələri olan hüquqi və fiziki şəxslərin vəzifələri: atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə; atmosfer havasına zərərli təsir edən təsərrüfat obyektlərinin tikinti yerlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmağa; atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə; atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə; qəza zamanı atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınmasına və onun təsirinin aradan qaldırılmasına, qəza nəticələrinin ləğv edilməsinə dair tədbirləri həyata keçirməyə; atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə; atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə; atmosfer havasına zərərli təsir edən istehsal və digər fəaliyyət obyektlərinin sanitarmühafizə zolaqlarının rejiminə əməl olunmasını təmin etməyə; təsərrüfat obyektlərinin ərazilərindən atmosfer havasını çirkləndirən zərərli maddələrin xüsusi saxlama və ya basdırılma yerlərinə, habelə onları xammal kimi istifadə edən obyektlərə vaxtında və təhlükəsiz daşınmasını təmin etməyə; atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə; qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına dərhal göndərməyə; atmosfer havasının mühafizəsi məsələlərinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanlarına müəyyən edilmiş qaydada təqdim etməyə; atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar. Həmin qanunun 27.2-ci maddəsinə əsasən nəqliyyat və digər səyyar vasitələrinin istismarı zamanı hüquqi və fiziki şəxslər bu vasitələrdən atmosfer havasına atılan zərərli maddələrin qanunvericiliklə müəyyən edilmiş atılmanın texniki normativlərindən artıq olmamasını təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs, Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, ünvan 1 ünvanında qeydiyatda olan Şəxs MMC tərəfindən atmosfer havasına atılan toz hissəciklərinin miqdarının normadan artıq dərəcədə olması faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələbi pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tərkibi var və onun 10500 (on min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 76.1, 114-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-7181/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7181/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver