Məhkəmə qərarları › İş №3(008)-7192/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7192/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7192/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli e-2(008)-1694/2024 nömrəli icra vərəqəsinə görə cavabdeh Şəxs 2490 manat məbləğində maddi zərər və 1000 manat məbləğində mənəvi zərər, cəmi 3490 manat pul və 54.9 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hazırki iş Ağdam Rayon İcra və Probasiya Şöbəsindən bu ilin avqust ayında icraata daxil olmuşdur. Şəxs tərəfindən oktyabr ayında 150 manat məbləğində Zərərçəkmiş şəxs ödəniş edilmişdir. İşin İcra Şöbəsində qısa müddət ərzində olmasına baxmayaraq tələbkarın davamlı şikayət etməsi və ödənişi tələb etməsi səbəbindən hazırki inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə təqdim etmişdir. Halbuki, tərəfindən Şəxs barəsində bütün icra tədbirləri həyata keçirilməmiş, onun işlə təmin olunması üçün DOST mərkəzinə müraciət olunmamışdır. Sadəcə tələbkarın dayanmadan şikayət etməsi səbəbindən inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru X2 daimi və rəsmi iş yerinin olmadığını, o cümlədən adına hər hansı əmlak aşkar edilmədiyini, onu qaçqın olduğunu və 300 manat məbləğində çörək pulu aldığını, icra vərəqəsində göstərilən məbləği hissə-hissə ödəməyə hazır olduğunu, lakin tələbkarın pulu tam tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından boyun qaçırmır. Hal-hazırda qalayçı kimi işləyir. Daimi işi olmur, iş olduqca müəyyən qazanc ədə edə bilir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bununla yanaşı məcburi köçkünlərə yemək xərci üçün nəzərdə tutulmuş 300 manat məbləğində dövlət müavinəti alır. İş Ağdam Rayon İcra və X3 Rayon İcra Şöbəsinə daxil olduqdan sonra oktyabr ayında 150 manat məbləğində ödəniş etmişdir. İcra sənədində nəzərdə tutulmuş məbləği hissə-hissə ödəyə bilmək imkanının olduğunu qeyd edərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarı Ağdam Rayon İcra və Probasiya Şöbəsində əldə etdiyini, lakin həmin vaxt imkanı olmadığından ödəniş edə bilmədiyini, daha sonra Bakı şəhərində işləməsi ilə əlaqədar icra işinin Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilməsini xahiş etdiyini və iş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsində icraata qəbul edildikdən sonra ödəniş etdiyini və bundan sonra da hər ay mütəmadi ödəniş edəcəyini, icra vərəqəsindən göstərilən məbləği tam ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs qərəzli şəkildə borcu ödəməkdən yayınır. Halhazırda ondan şikayətçidir. Şəxs ilə bağlı qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli e-2(008)- 1694/2024 nömrəli icra vərəqəsinə görə cavabdeh Şəxs 2490 manat məbləğində maddi zərər və 1000 manat məbləğində mənəvi zərər, cəmi 3490 manat pul və 54.9 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024-020 nömrəli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və qərar tələbin könüllü icrası haqqında bildirişlə birgə Şəxs göndərilmişdir. 16 sentyabr 2024-cü il və 10 oktyabr 2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş və 10 oktyabr 2024-cü il tarixli xəbərdarlıq eyni tarixdə Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, BPM**********96 nömrəli ödəniş tapşırığına əsasən Şəxs tərəfindən Sabunçu Rayon İcra Şöbəsinin depozit hesabına 150 manat məbləğində ödəniş edilmişdir. Şəxs Sabunçu Rayon İcra Şöbəsində verdiyi və iş materiallarına əalvə olunmuş 10 oktyabr və 31 oktyabr 2024-cü il tarixli izahatlarında o, icra sənədindən xəbərdar olduğunu, icra sənədi müəyyən edilmiş məbləği tam ödəməyə maddi imkanın olmadığını və borc məbləğini hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs iş yerinin olaması, adına qətnamənin icrasını təmin edə biləcək hər hansı əmlakın olmaması, özünün qaçqın olmaqla dövlət tərəfindən bununla əlaqədar müavinət alması və həmin məbləğdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəniş etməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında icra məmuru özü də təsdiq etmişdir ki, Şəxs rəsmi iş yeri olmamaqla adına hər hansı daşınmaz əmlak və ya avtomobil aşkar edilməmiş, o, qısa müddət ərzində artıq tələbkara ödənişlər etməyə başlamış, icra məmurunun özü tərəfindən hələ lazımi icra tədbirləri görülmədən tələbkarın şikayət etməsi səbəbindən inzibati xəta haqqında protokol tərtib etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özü də daimi işləmədiyini, iş olduqca işləyərək qazanc əldə etdiyini, ailəli olmamaqla himayəsində övladlarının olduğunu, maddi imkanının borc məbləğini tam ödəməyə imkan vermədiyini,dövlət tərəfindən ona qaçqın olması ilə bağlı hər ay ödənilən çörək pulundan hər ay ödənişlər edəcəyini bildirmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməsə də, məhkəmə qətnaməsinin icraya yönəlməsindən keçən qısa müddət ərzində məhkəmə qətnaməsinin icrası istiqamətində maddi imkanının yol verdiyi dərəcədə addım atmış borcun qalan hissəsini də hissə-hissə ödəyəcəyini bildirmişdir ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 04 aya yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, ona dövlət tərəfindən ödənilən müavinət məbləğinə tutulmaların yönəldilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki halda işin hallarından görünür ki, nə Ağdam rayon icra və probasiya şöbəsinin icra məmuru, nə də Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmurları icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğin ödənilməsi istiqamətində qanunla nəzərdə tutulmuş məcburi icra tədbirlərini görmədən, həmin məbləğin ödənilməsi üçün səmərəli addımlar atmağa cəhd belə göstərmədən (borclu şəxs iş tapması üçün Məşğulluq orqanında qeydiyyata durmaq hüququnun izah ediilməsi və onun aldığı müavinət məbləğinə tutulmaların yönəldilməsi) zərərçəkmiş şəxsin narazılıqlarının qarşısını almaq üçün Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs icra sənədinin icraya yönəlməsindən sonra qısa müddət ərzində müəyyən məbləğdə qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödəniş etməsi, qətnaməsindən və yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi andan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar