Məhkəmə qərarları › İş №3(008)-7216/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7216/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7216/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikili ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş 17 oktyabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə etibarnaməsiz idarə etdiyi “Range Rover” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş bazarı adlanan əraziyə gedilən yol ilə hərəkətdə olarkən, manevr qaydasını pozub, yolun sol tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məcburi gətirilmə qərarı çıxarılmışdır. Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş məktubda Sabunçu rayonu, Ramana qəsəbəsi, fərdi tikilidə yaşadığı qeyd edilən Şəxs faktiki yaşadığı ünvanı müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş bazarı adlanan ərazidə olarkən Şəxs idarə etdiyi “Range Rover” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmış və xəsarət almışdır. Sahil sonra onu avtomobilinə əyləşdirib dəmir vaqonun içərisinə aparmışdır. O nə qədər Sahilə onu xəstəxanaya aparmasını desə də Sahil polisə məlumat verməyəcəyi halda onu xəstəxanaya aparacağını bildirmişdir. Telefonu da onun əlindən aldığı üçün özü də təcili tibbi yardım çağıra bilməmişdir. Daha sonra oraya Sahilin qohumu gəlmiş telefonu ona qaytarmış və polisə məlumat verməməsi barədə onu tənbeh etmişdir. O, telefon vasitəsilə qohumlarına məlumat vermiş, onlar oraya gəlmiş və onu xəstəxanaya aparmışlar. Sahil ona maddi baxımdan heç bir yardım etməmiş, onun vəziyyəti ilə maraqlanmamışdır. Həmin hadisədən sonra indiyə kimi səhhəti bərpa olunmamışdır. Sol əlini işlədə bilmir. Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Məsimovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının surətindən məlum olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Range Rover” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələri ilə inzibati tədbir görülməsi məqsədilə qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “Range Rover” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş bazarı adlanan əraziyə gedilən yol ilə hərəkətdə olarkən, manevr qaydasını pozub, yolun sol tərəfindən dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə Şəxs barəsində AR İXM-nin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1235 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol təpə və sol qaş nahiyələrinin əzilmiş yaraları, sol qulaq seyvanının sıyrıqla müşayiət olunan əzilmiş yarası; sol mil-bilək və sol diz oynağı nahiyələrinin sıyrıqları; sağ əlin, qarın nahiyəsinin və sağ baldırın qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyalraın) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 332.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, AR İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar