Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7231/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 29 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(007)-1034/2017 saylı icra vərəqəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(007)-4846/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 07 oktyabr 2007-ci il təvəllüdlü X4 və 02 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ötən aylar ərzində aliment məbləğini ödədiyini, avqust, sentyabr aylarında ödəniş etmədiyini, oktyabr ayında 150 manat ödəniş etdiyini, daha öncədən yığılmış borcu ilə birlikdə 1050 manat aliment borcunun olduğunu, tələbkarın borcunu təlıb etməsi səbəbindən inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq icra məmuru Şəxs işləməsindən və əmək haqqı almasından xəbərinin olduğunu, onun iş yerinə əmək haqqından tutulmaların aparılması üçün sənəd göndərilməsinə baxmayaraq sənədin geri qaytarıldığını, Şəxs icra şöbəsinə gəlməkdən və iş yerini dəqiq göstərməkdən imtina etdiyini, bu səbəbdən onun əmək haqqından tutulmaların həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Bu günədək alimenti vaxtlı-vaxtında ödəmişdir. Son dövrlər ailəsində ciddi problemlər olduğundan 2 ay alimenti ödəyə bilməmişdir. Lakin oktyabr ayından ödəniş etmişdir. Bununla yanaşı, o, icra məmuruna iş yerinin göstərilməsindən imtina etmir və alimentin əmək haqqına yönəldilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(007)- 1034/2017 saylı icra vərəqəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(007)-4846/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 07 oktyabr 2007-ci il təvəllüdlü X4 və 02 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 12 aprel 2017-ci tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(007)-1034/2017 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs iş materiallarında olan 29 noyabr 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında son 02 ay istisna olmaqla hər ay 100 manat məbləğində alimenti ödədiyini, maddi imkansızlıq səbəbindən 02 ay alimenti ödəyə bilmədiyini göstərmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs aşpaz kimi rəsmi qaydada işləyərək ayda 350 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs avqust və sentyabr ayları istisna olmaqla hər ay vaxtlı vaxtında alimenti ödəməsi öz təsdiqini tapmış, həmin aylar ərzində alimenti maddi sıxıntılar səbəbindən ödəyə bilməsə də,oktyabr ayında 150 manat ödəniş etmişdir. Yaranmış 1050 manat aliment borcunun alan hissəsi isə daha öncəki illərdən qalan məbləğdir ki, həmin borca görə onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bununla yanaşı, portaldan çıxarışdan görünür ki, Şəxs aşpaz kimi rəsmi qaydada işləyərək ayda 350 manat məbləğində əmək haqqı alır. Buna baxmayaraq icra məmuru alimenti şəxsin əmək haqqına yönəltmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun rəsmi qaydada əmək haqqı almasına və alimentin icrası üçün icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə tutulmaların onun əmək haqqına yönəldilmə imkanının olmasına baxmaraq tutulmalar onun əmək haqqına yönəldilmədən, bununla da məhkəmə aktlarının icrasının təmin edilməsi üçün bütün imkanlar tükənmədən icra məmurunun inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yuxraıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7231/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7231/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver