Məhkəmə qərarları › İş №3(008)-7232/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7232/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7232/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Dövlət Bədən Tərbiyyə və X1 fakultəsinin 4-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “Nissan Note” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində sürücü avtomobili geriyə hərəkət etdirərkən manevr qaydasını pozub yolun kənarında dayanmış Zərərçəkmiş şəxs vurub bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Nissan Note” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə üzü “Stimul” klinikası istiqamətində sağ tərəfdən ikinci zolaqla 30-40 km saat sürətlə hərəkətdə olarkən Akkord yaşayış binasının qarşısında Oba marketi gördükdə sükanı sağa doğru istiqamətləndirib dayanmışdır. Avtomobili park etmək üçün təxminən 5-10 km saat sürətlə arxaya doğru hərəkət edərkən Oba marketin qarşısında anidən avtomobilin arxa hissəsində nəyəsə dəyməsi səsini eşitdikdə avtomobili saxlamışdır. Avtomobildən düşüb baxdıqda zərərçəkmiş şəxsin yerdə oturaq vəziyyətdə olmasını görmüşdür. Sonra ona köməklik edib avtomobilinə əyləşdirib Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanada olanda zərərçəkmiş şəxs avtomobillə vurulduğunu deməmiş, küçədə yıxılaraq xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxsə lazım olan dərmanları almış və evinə aparmışdır. Daha sonra zərərçəkmiş şəxs ona zəng edərək 200 manat pul istəmişdir. O, həmin pulu zərərçəkmiş şəxsə vermişdir. Sonra zərərçəkmiş şəxs yenə 100 manat pul istədikdə o, bir iki günə ödəyəcəyini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxsin zənginə cavab vermədikdə o, 102 xidmətinə məlumat vermişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxslərə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Nissan Note” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində avtomobili geriyə hərəkət etdirərkən manevr qaydasını pozub yolun kənarında dayanmış Zərərçəkmiş şəxs vurub bədən xəsarəti almışlar. Buna görə Şəxs tərəfindən AR İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2353 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinin dərialtı hematoması, sağ diz oynağı nahiyəsinin sıyrığı, sağ said nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanı törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar