Məhkəmə qərarları › İş №3(008)-7237/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7237/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7237/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1996-ci ildə Füzuli rayonu, Qorqan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, subay, Füzuli rayonu, Qorqan kəndində qeydiyyatda olan, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, fərdi evdə yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq,Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 04 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində xidmətdə olduğu zaman VAZ 2107 markalı, ** NH *** qeydiyyat nişanlı avtomobildə olan konstruktur dəyişikliyi olduğu üçün Şəxs tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində ona məxsus olan VAZ 2107 markalı, ** NH *** qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi edildiyi səbəbindən polislər tərəfindən saxlanılmışdır. O, polis əməkdaşlarına avtomobilin baqaj yerində motor olduğunu, təmirə apardığını bildirmiş və həmin motoru da baqajdan çıxardıb onlara əyani şəkildə göstərmişdir. Lakin polislər ona avtomobilin cərimə meydançasına getməli olduğunu bildirmişlər. O, isə heç bir pozuntuya yol vermədiyi halda nəyə görə avtomobilinin cərimə meydançasına aparıldığını soruşmuş və buna öz etirazını bildirmişdir. Bu zaman polis əməkdaşları onu 13-cü PŞ-nə aparmışlar. O, hər hansı qayda pozuntusu törətməmiş, polis əməkdaşına qarşı tabesizlik göstərməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 04 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində xidmətdə olduğu zaman VAZ 2107 markalı, ** NH *** qeydiyyat nişanlı avtomobildə olan konstruktur dəyişikliyi olduğu üçün Şəxs tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli AZA 017804 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Əşrəf Seyidzadə tərəindən 13-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində xidmətdə olduqları zaman VAZ 2107 markalı, ** NH *** qeydiyyat nişanlı avtomobildə konstruktur dəyişikliyi olduğu tərəfindən saxlanılmış şəxsiyyəti müəyyən olunmuş Şəxs avtomobildə etdiyi dəyişikliyə görə avtomobilinin müvəqqəti duracağa yerləşdirildiyi bildirilsə də, o, buna etiraz etdiyi üçün həmin şəxs və yanında olan X3 isə xidmətlərinə müdaxilə etdiyi üçün və polisə tabesizlik göstərdiyi üçün efir vasitəsilə kömək üçün PPX əməkdaşları ünvana çağırılmış ərazi üzrə 13-cü PŞ-nə təmin olunması üçün onlara təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi VAZ 2107 markalı, ** NH *** qeydiyyat nişanlı avtomobildə konstruktur dəyişikliyi edildiyi raportda qeyd edilsə də bununla bağlı inzibati xəta haqqında protokol və ya inzibati tənbeh vermə haqqında qərar tərtib olunmamışdır. Bu faktın mövcudluğunu təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bu isə polisin tələbinin qanuniliyini şübhə altına alır. Aradan qaldırıla bilməyən bütün şübhə və anlaşılmazlıqlar isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır və sübut etmə yükü inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Əks yanaşma təqsirsizlik prezumpsiyasının tələblərinə ziddir. Məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs da heç bir qanunazidd hərəkətə yol vermədiyini, avtomobilində konstruk dəyişikliyinə yol vermədiyini, heç bir əsas olmadan avtomobilinin cərimə meydançasına aparılmasına etiraz etdiyini və bu səbəbdən də polis şöbəsinə aparıldığını və barəsində guya polisə tabesizlik etdiyi üçün inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar