Məhkəmə qərarları › İş №3(008)-7243/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7243/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7243/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi ilə, “Makro 2000 X3 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Makro 2000 X3 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaşlar X4 və X7 xx.xx.2024-cü il tarixdən bu günədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə “Makro 2000 X3 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında protokolda X2 və X1 olaraq harada işə cəlb olunmaları, hansı işə cəlb olunmaları qeyd olunmamışdır. İnzibati xəta haqqında protokolda “Makro 2000 X3 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında öz təsdiqini tapdığı qeyd edilmişdir. Lakin iş materiallarında bu məlumatların Daxili İşlər Nazirliyindən daxil olmasını, o məlumatların DİN tərəfindən hansı formada əldə olunmasını təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş elektron informasiya sisteminin məlumatı DƏMX-nin adlı siyahısını özündə əks etdirir. Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta istər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi, istərsə də digər dövlət informasiya sistemi vasitəsilə aşkar edildikdə inzibati xəta törətməsi iddia olunan hüquqi şəxslər barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Hazırki iş üzrə isə inzibati xəta haqqında protokol qeyd olunan qaydada tərtib olunmamışdır və bunun əksini, yəni inzibati xətanın informasiya sistemi vasitəsilə deyil, digər qaydada aşkar olunmasını təsdiq edən sübut da iş materiallarında yoxdur. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən işin düzgün həlli və mahiyyəti üzrə işə baxılması üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, hüquqi şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər dəlil toplanılmamışdır. İnzibati xəta haqqında protokolda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X2 və X5 həqiqətən “Makro 2000 X3 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X4 və X7 müəyyən edilərək izahatları alınmamışdır. Onların şirkət tərəfindən hər hansısa işlərin görülməsinə cəlb olunub-olunmamaları müəyyən olunmamışdır. Ümumiyyətlə inzibati xəta haqqında protokolda bu şəxslərin şirkət tərəfindən məhz hansı işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə cəlb edildiyi qeyd edilməyərək qeyri-müəyyən mahiyyətdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki inzibati xəta haqqında protokolda şəxsin ona ittiham olunan inzibati xətanı törətməsinin konkeret olaraq onun hansı hərəkətlərində ifadə olunduğu qeyd edilməklə inzibati xətanın mahiyyəti tam, aydın, müfəssəl göstərilməli və onu təsdiq edəcək mötəbər sübutlar təqdim edilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən araşdırma natamam şəkildə aparılaraq yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamış, eyni zamanda inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Makro 2000 X3 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar