Məhkəmə qərarları › İş №3(008)-7323/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7323/2024

11.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7323/2024 11.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Nigar Arzu qızı İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yeni yaşayış massivində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 11 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs 09 noyabr 2024-cü il tarixdə Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomobildən 01 ədəd akkumulyator oğurlayaraq zərərçəkmiş şəxsə 100 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, etdiyi əməldən səmimi peşmandır. Uşağı astma xəstəsi olduğundan və dərmana ehtiyacı olduğundan, o isə maddi imkansızlıq səbəbindən dərmanı ala bilmədiyindən belə bir addım atmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bir daha belə hallara yol verməyəcəkdir. Sədrlik edənin sualına cavab olaraq Şəxs polis bölməsində ona təsir-təzyiq olmadığını, gözündəki xəsarəti polis bölməsinə gəlmədən öncəki gün həyətdə yıxılaraq aldığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradılmış, zərərçəkmiş şəxs Şəxs ilə barışdığını, Şəxs qarşı şikayə və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur. 11 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 noyabr 2024-cü il tarixdə Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomobildən 01 ədəd akkumulyator oğurlayaraq zərərçəkmiş şəxsə 100 manat məbləğində maddi zərər vurmuşdur. “İnzibati qaydada tutma haqqında” 09 noyabr 2024-cü il tarixli, AZA 018087 saylı protokoldan görünür ki, Şəxs 09 noyabr 2024-cü il tarixdə, saat 18:30-da tutulmuşdur. 09 noyabr 2024-cü il tarixli Aktdan görünür ki, Şəxs Polis Şöbəsinə gətirilərkən sağ gözün altında hematomiya xəsarəti aşkar olunmuşdur. Şəxs bu xəsarəti küçədə yıxılaraq aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq, barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona vurulmuş zərəri tam ödəməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata AR İXMnin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən və o, zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar