Məhkəmə qərarları › İş №3(008)-7384/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7384/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7384/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs, şikayətçi X2 iştirakları ilə, X2 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərmişdir ki, 15 noyabr 2023-cü il tarixdə, axşam radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə üzü hava limanı istiqamətinə düzünə hərəkət etmiş, daha sonra yol ayırıcından sağa-üzü Bülbülə istiqamətinə getmək üçün avtomobilin sağa olan işığını yandıraraq sağa manevr edən zaman yolun sağ kənarında hərəkətsiz dayanmış “Mercedes” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən hərəkətə başlamış və onun idarə etdiyi maşınla toqquşmuşdur. Bundan sonra hadisə yerinə sığorta şirkətinin əməkdaşları, daha sonra polis əməkdaşı gələrək onların sənədlərini alıb izahat vermək üçün səhərisi gün polis idarəsinə gəlməli olduqlarını bildirmişdir. Səhərisi gün o, idarəyə getmiş, izahat verərək təqsirli olmadığını bildirmişdir. Lakin nədənsə inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Halbuki, o, həmin inzibati xətanın törədilməsində təqsirli olmamışdır. Belə ki, yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış avtomobil hərəkətə başlamadan öncə sağ və soluna baxdıqdan və təhlükəsiz şərait olduğuna əmin olduqdan sonra hərəkətə başlamalı idi. O, bir sürücü kimi sağ yola daxil olarkən sağda hərəkətsiz dayanmış avtomobilin qəfildən hərəkətə başlayacağını bilə bilməzdi. Bu səbəbdən hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənebh vermə haqqında qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 15 noyabr 2023cü il tarixdə, axşam radələrində atası və atasının dostu ilə H.Əliyev prospekti ilə hərəkətdə olmuşlar. Həmin vaxt avtombili o, idarə etmiş, atası və dostu isə arxa oturacaqda əyləşmişlər. Atasının dostu avtomobildən enməli olduğundan o, avtomobili saxlamış və atasının dostu avtomobildən enmişdir. Onlar dayanmış vəziyyətdə olarkən “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü sağa manevr edərkən onların avtomobili ilə toqquşmuş və nəticədə avtomobili sürtmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs ilk öncə avtomobilin dayanmış vəziyyətdə olduğu zaman “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillin onların avtomobili ilə toqquşduğunu bildirmiş, daha sonra Səid Qasımov onun üzünə qarşı onların avtomobilinin dayanmış vəziyyətdə olduğu zaman deyil, qəfildən hərəkətə başlayan zaman onun avtomobili ilə toqquşduğunu dedikdə isə zərərçəkmiş şəxs həqiqətən də həmin vaxt hərəkətə başladığını etiraf etmişdir. Bundan sonra zərərçəkmiş şəxsə polis idarəsində verdiyi 15 noyabr 2023-cü il tarixdə verdiyi izahatın mətni elan olunduqdan sonra 3 fərqli xüsusatı göstərməsi və izahatları arasında olan ziddiyyətlərlə bağlı suallar verildikdə o, özünü itirərək gah avtomobilin yeni hərəkətə başladığını, gah da polis idarəsində verdiyi izahatın həqiqəti əks etdirdiyini qeyd edərək ona ünvanlanmış suallara qəti cavab verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 göstərmişdir ki, 15 noyabr 2023-cü il tarixdə, axşam radələrində o, öz dostu ilə oğlu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə olmuş və avtomobilin qabaq oturacağında əyləşmişdir. Onlar H.Əliyev prospsketi ilə hərəkət edərkən onun dostu həmin yerdə avtomobildən enməli olduğundan onun oğlu avtomobili saxlamış, onun dostu avtomobildən enən zaman qəfildən onlardan solda olan avtomobil sağa, yəni üzü Bülbüləyə gedən yola daxil olmaq istəyərkən onların avtomobilinə dəymişdir. Hadisə baş verən zaman onun oğlunun idarə etdiyi avtomobil tam hərəkətsiz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid onların avtomobili “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulan zaman oğlunun idarə etdiyi avtomobilin tam dayanmış vəziyyətdə olduğunu, hətta dostunun hələ tam avtomobildən enmədiyini, bir ayağının yerdə, birinin isə avtomobilin içərisində olduğunu, oğlunun hansı səbəbdən polis idarəsində avtomobilin hərəkətdə olan zaman vurulmasını göstərdiyini bilmədiyini göstərmişdir. Daha sonra şahidə oğlunun məhkəmə iclasında hadisə baş verən anda idarə etdiyi avtomobillə hərəkətə başladığını bildirdiyi, özünün isə avtomobilin tam dayanmış vəziyyətdə olmasını göstərməsi ilə əlaqədar yaranmış ziddiyyətlə bağlı sual ünvanlandıqda o, təkidlə hadisə vaxtı oğlunun idarə etdiyi avtomobilin tam dayanmış vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə1 hər bir halda X3 tərəfindən manevr qaydasının pozulduğunu, onun sağa doğru hərəkət edən zaman təhlükəsizliyi lazımi şəkildə təmin etmədiyini qeyd edərək şikayətin təmin edilməməsini, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 16 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis mayoru Nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 15 noyabr 2023-cü il tarixdə, saat 21:30-da Sabunçu rayonu, H.Əliyev prospektində idarə etdiyi “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə onun AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. X2 polis idarəsində verdiyi 15 noyabr 2023-cü il tarixli yazılı izahatının məzmunundan görünür ki, o, həmin izahatında 15 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, 77-DC—347 dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə 3-cü zolaqda hərəkətdə olan zaman sağa manevr edib yola daxil olmaq istəyərkən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan, sonradan hərəkətə başlayan “Mercedes” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomibilin sol qabaq hissəsi ilə toqquşduğunu, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs polis idarəsində verdiyi 15 noyavr 2023-cü il tarixli yazılı izahatından görünür ki, o, həmin izahatında 15 noyabr 2023-cü il tarixdə, saat 21:30-da etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkətdə olan zaman soldan hərəkət edən “Toyota Prius” markalı, 77- DC—347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa manevr edib sağ tərəfi ilə onun avtomobilin sol qabaq hissəsini vurmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs polis idarəsində verdiyi izahatdan tamamilə fərqli məzmunda izahat verərək hadisə zamanı avtomobilinin hərəkətdə olmadığını, dayanıqlı vəziyyətdə olmaqla həmin an hərəkətə başlamaq istədiyini və bu zaman avtomobilin sol qabaq hissəsinin soldan gələrək sağa manevr edən “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtommobillə toqquşduğunu göstərmişdir. Halbulki, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş yol nəqiyyat hadisəsinin mexanizmi “Mercedes” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ zolaqda hərəkətdə olması və məhz hərəkətdə olduğu zaman sol zolaqda hərəkətdə olan avtomobilin sürücüsünün sağa manevr edərək manevr qaydasını pozması, yəni sağda öz yolunda hərəkətdə olan avtomobili gözləmədən sağa manevr etməsi üzərində qurulmuş və bu mexanizmə əsasən də yol-nəqliyyat hadisəsində məhz X1 təqsirli olması müəyyən edilmişdir. Çox maraqlıdır ki, səlahiyyətli orqan tərəfindən ilkin araşdırma zamanı da Səid Qasımov hazırda məhkəmə iclasında verdiyi məzmunda izahat verərək idarə etdiyi “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə 3-cü zolaqda hərəkətdə olan zaman sağa manevr edib yola daxil olmaq istəyərkən yolun sağ hissəsində dayanmış vəziyyətdə olan, sonradan hərəkətə başlayan “Mercedes” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomibilin sol qabaq hissəsi ilə toqquşduğunu və özünü hadisədə təqsirli bilmədiyini göstərməsinə baxmayaraq araşdırmanı aparan Nümayəndə2 yalnız Zərərçəkmiş şəxs izahatını əsas götürməklə hadisə mexanizmi qurmuş və onun əsasında da inzibati xəta haqqında protokol tərtib edərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məlumdur ki, hazırda araşdırılan yol-nəqliyyat hadisəsinin iştirakçıları X3 və Zərərçəkmiş şəxsdur və onların hər birinin öz müdafiəsini təşkil etmək üçün qarşı tərəfin təqsirli olmasına işarə edən izahatlar verməsi realdır. Lakin nədənsə araşdırmanı aparan əməkdaş əlavə heç bir sübut olmadan, hadisə yerində olan şahidlər dindirilmədən, hadisə yerinə müvafiq mütəxəssis dəvət edilmədən tərəflərdən yalnız birinin- Zərərçəkmiş şəxs izahatına istinad etməklə kifayətlənərək, əlavə araşdırma aparmağa lüzum görmədən inzibati xəta haqqında protokol tərtib etməyi məqbul hesab etmişdir. Halbuki, məhkəmə iclasında hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə atası və atasının dostunun olması, onların da hadisəyə şahid olmaları, hadisədən sonra hadisə yerinə hər iki avtomobilin sığorta şirkətinin nümayəndələrinin gələrək sürücülərə hadisənin baş vermə mexanizmi barədə suallar vermələri, zərərçəkmiş şəxsin məhkəmə iclasında tamamilə fərqli məzmunda hadisə mexanizminə uyğun izahat verməsi, onun məhkəmə iclasında verdiyi izahatla Səid Qasımovun izahatındakı xüsusatların uzlaşması, Zərərçəkmiş şəxs ilə atasının fərqli izahartlar verməsi müəyyən edilmişdir ki, bu da hadisə ilə bağlı Bakı şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru, polis mayoru Nümayəndə2 tərəfindən demək olar ki, heç bir araşdırmanın aparılmamasının, sadəcə bir tərəfin izahatına istinad etməklə tələm-tələsik inzibati xəta haqqında protokol tərtib etməsinin və inzibati tənbeh vermə haqqında qərar qəbul etməsinin göstəricidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, hadisənin video görüntüsünün olmaması nəzərə alınaraq iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman X2 və Zərərçəkmiş şəxs yenidən izahatları alınmalı, onların hər birinə hadisə ilə əlaqədar dəqiqləşdirici suallar verilməli, onların izahatları arasında ziddiyyətlər müəyyən olunarsa həmin ziddiyyətlər digər sübutlar əldə edilməklə aradan qaldırılmalı, hər birinə digərinin izahatı elan olunmaqla izahatlar arasında müəyyən olunmuş fərqli xüsusatlarla bağlı onların hər birinə yenidən sualllar ünvanlanmalı, hadisə zamanı hadisə yerində olmuş şahidlər müəyyən olunmaqla onların izahatları alınmalı, zərurət olarsa hadisədən dərhal sonra hadisə yerinə gəlmiş sığorta şirkətlərinin əməkdaşları dəvət olunaraq onlara hadisə yerinə gələrkən hadisə iştirakçılarının bildirdikləri hallarla bağlı suallar verilməli, avtomobillərin hər ikisinin bu günkü günədək təmir olunmaması və qəzadan sonrakı vəziyyətdə olması nəzərə alınmaqla zərurət olarsa mütəxəssis dəvət olunmaqla avtomobillərdə olan zədələr əsasında hadisənin hansı şəraitdə baş verməsinin real olmasına dair rəy alınmalı, mütəxəssis rəyi ilə bunu müəyyən etmək mümkün olmadıqda hər iki tərəfin göstərdiyi mexanizm göstərilməklə hansının real olmasına dair ekspert rəyi alınmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün Bakı şəhər X9 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar