Məhkəmə qərarları › İş №3(008)-7405/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7405/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7405/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində "xxxx" MMC-ə məxsus olan etibarnamə ilə idarə etdiyi “KİA OPTİMA” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Kürdəxanı şossesi ilə üzü Məmmədli dairəsi istiqamətinə hərəkətdə olarkən Şəxs tərəfindən manevr qaydasını pozub, yolun sol tərəfindən sağına doğru qaçaraq yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 09 sentyabr 2024-cü il tarixli, 2264 saylı ekspert rəyindən görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin şişkinliyi-əzilmiş yarası; üst dodaq və sol bud-çanaq oynağı nahiyələrinin qançırı; sağ yanaq, sağ said və sol diz nahiyələrinin sıyrığı; sağ bazu və sol said nahiyələrinin əzilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektor, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində "xxxx" MMC-ə məxsus olan etibarnamə ilə idarə etdiyi “KİA OPTİMA” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Kürdəxanı şossesi ilə üzü Məmmədli dairəsi istiqamətinə hərəkətdə olarkən Şəxs tərəfindən manevr qaydasını pozub, yolun sol tərəfindən sağına doğru qaçaraq yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışıq əldə edildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs müharibə veteranıdır, “Cəbrayılın azad olunmasına”, “Xocavəndin azad olunmasına”, “Füzulinin azad olunmasına görə” medalı, “vətən müharibəsi iştirakçısı”, “cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar