Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-768/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, mədən 3 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 03 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2()05)-287/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 12 may 2014-cü il təvəllüdlü X2 və 13 aprel 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin, 13 aprel 2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək, 13 aprel 2021-ci il tarixədək hər ay 50 manat pul məbləği olmaqla tutularaq X5 ödənilməsi qət edilmiş, lakin borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs bu günədək heç bir ödəniş etmədiyini, ödənilməmiş aliment məbləğinin 24000 manat təşkil etdiyini qeyd edərək şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, səhhəti ilə əlaqədar işləmir. Zərərçəkmiş şəxsə bir neçə dəfə imkan çatdığı məbləğdə pul təklif etsə də, zərərçəkmiş şəxs qəbul etməmişdir.Bundan başqa zərərçəkmiş şəxs uşaqları ilə görüçmək üçün də ona şərait yaratmır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs dəmir yığıb satmaqla dolandığını, ötən ay Türkiyəyə anasının yanına getdiyini, anasının Türkiyədə müalicə aldığını, özünün əlilliyinin olmadığını, sadəcə gecə yuxuda danışaraq gəzməsi və kəkələməsi ilə əlaqədar tibbi problemlərinin olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şəxs yalan söylədiyini, onun özünün maşın alveri ilə məşğul olduğunu, bu səbəbdən Türkiyəyə gedib gəldiyini, bu günədək heç bir aliment ödənişi etmədiyini qeyd edərək onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2()05)- 287/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 12 may 2014-cü il təvəllüdlü X2 və 13 aprel 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin, 13 aprel 2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək, 13 aprel 2021-ci il tarixədək hər ay 50 manat pul məbləği olmaqla tutularaq X5 ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 30 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2()05)-287/2019 saylı icra vərəqəsi üzrə icraat başlanılmışdır. Şəxs izahatından görünür ki, o, kəllə-beyin travması olması və ruhu dispanserdə qeydiyyatda olması və bununla əlaqədar işləməməsi səbəbindən alimenti ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə işləməsinə mane olan hər hansı xəstəliyi olmayan (Belə ki, şəxs onun işləməsinə mane olan xəstəliyinin olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, onda olan xəstəliklər isə onun işləməsinə mane olmamaqla onun fəaliyyət qabiliyyəsiz hesab olunması üçün əsas deyildir) şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini və hər bir halda uşaqlarının saxlanılmasının valideyinin ən mühüm vəzifələrindən biri olmasını nəzərə alır. Barəsində inzibati qaydada icraat aparılan şəxsin icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini ödəməməsinə haqq qazandırarkən irəli sürdüyü digər dəlil zərərçəkmiş şəxsin uşaqlarını onunla görüşməyə icazə verməməsi olmuşdur ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin borcluya uşaqları ilə görüşə imkan verməməsi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi üçün deyil, əksinə onun uşaqları ilə görüş günlərini və saatlarını müəyyən edən məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün müvafiq icra məmuruna müraciət etməsi üçün əsasdır. Göründüyü kimi, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası daxilində ədalətli inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 03 fevral 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-768/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-768/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver