Məhkəmə qərarları › İş №3(008)-7789/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7789/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7789/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, nömrəsiz həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-120/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 6548 manat aliment borcunu üzrsüz səbəbdən ödəməməklə AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, borclunun aliment ödəməyə maddi imkanı var, maşın təmiri işi ilə məşğuldur, öz sexi var. Maştağa qəsəbəsində hər kəs onu yaxşı usta kimi tanıyır. Eyni zamanda avtomobil alğı-satqısı ilə məşğuldur. Kifayət qədər yaxşı qazanca sahibdir. Özü heç yerdə işləmir. Uşaqların ikisi xəstədir. Borclu borcdan 30 manat, 40 manat olaraq az-az ödəyir, o isə uşaqların tələbatlarını təmin etmək üçün kifayət deyil. Məhkəmədən Şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, əvvəllər rəsmi iş yeri olmuşdur. Aliment borcu onun əmək haqqından 70 % hissədə tutulduğu üçün o, işdən çıxmışdır. Hazırda isə zərərçəkmiş şəxsə əlinə pul keçdikcə 30, 40, 50 manat olmaqla ayda 300-450 manat civarında ödəniş edir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(008)-120/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Şəxs rəsmi iş yeri olduğu halda iş yerindən öz bildirdiyinə əsasən könüllü olaraq çıxması onun icra sənədinin icrasından yayınmaq niyyətinin göstəricisidir. Şəxs bu günə olan aliment borcu 6548 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar